Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 11:15:00
Orta məktəblərdə dinin tədrisi mütləqdir - DEPUTAT

Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri ali və orta məktəbdə dinin dərsidir. Ali məktəbdə bir sıra fənlər keçilir ki, burada din barədə kifayət qədər geniş məlumat dinə maraq və bağlılıqdan asılı olmayaraq da əldə edilir. Məsələn, fəlsəfə.

Yeri gəlmişkən, ölkəmizdə İlahiyyat İnstitutu da fəaliyyət göstərir.
 

Belədirsə, din barədə ayrıca dərs və dərsliklərin olması lazımdırmı? Azərbaycanda bu mövzuda müzakirə və hətta mübahisələrin tarixi nisbətən yenidirsə, dünyada problemə artıq oturuşmuş yanaşma mövcuddur. Hər ölkədə din və məktəb problemini özünəməxsus yolla həll ediblər. Dövlət məktəblərində ümumi yanaşma bundan ibarətdir ki, dinin dünyəvi təhsilə müdaxiləsi arzuolunan deyil. Ancaq çoxsaylı özəl məktəblər də var ki, uşaqlara din dərsləri keçilir.

 

Mövzu ilə bağlı deputat Ceyhun Məmmədov AzEdu.az-a açıqlamasında məktəblərdə din tədrisinin vacib hesab edildiyini bildirib:

 

"Düşünürəm ki, biz artıq bu prosesdə gecikirik. Məsələ ilə bağlı daha öncə addımlar atılmalı idi. Orta məktəbdə din tədrisi dedikdə, hansısa bir dinin tədrisi nəzərdə tutulmur. Söhbət təhsil müəssisələrində ümumi dinlər barədə məlumatın verilməsindən gedir. Biz bunu etmədikcə, zərərli ideologiya ilə zəhərlənən gənclərimizin sayı durmadan artacaq. Fikrimcə orta məktəblərdə mütləq bu bilgilər ötürülməlidir. Hazırda bu "Həyat bilgisi" dərsliyi çərçivəsində müəyyən qədər aşılanır, amma yetərli deyil. İstəyiriksə ki, gənclərimiz bizim dəyərlərimizə sahib çıxsınlar, zərərli vərdişlərdən özlərini qorumağı bacarsınlar, o zaman məktəblərdə mütləq şəkildə bu proseslərə başlamalıyıq. Dinin mahiyyəti, dinin yaranma səbəbi barədə məlumat verilməlidir ki, sonra hansısa gəncə dini təbliğat aparıldıqda, onu bir dini təşkilata cəlb etmək istədikdə, müəyyən qədər məlumatı olsun, belə bir zərərli ideologiyanın qurbanına çevirilməsin".

 

Deputat, xarici dövlətlərdə bu fənnin tədris olunduğunu bildirib:

 

"Günümüzdə din Türkiyədə, Rusiyada geniş şəkildə təbliğ olunur. Bizim insanlar bu məsələyə bir qədər fərqli yanaşır, buna baxmayaraq dünya ölkələrində bu risq gözə alınaraq, prosesə gedilirsə, demək buna ehtiyac duyulur. Bu səbəbdən biz də  məsələ ilə bağlı işlər görməliyik ki, məqsədlərimizə nail ola bilək".