Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 10:45:00
Tələbələrin dərslik problemi - Ali məktəblərdə vəziyyət necədir... - ARAŞDIRMA

Orta məktəblərdə dərsliklərin hazırlanmasından tutmuş şagirdlərə çatdırılmasına qədər müxtəlif problemlərin mövcudluğu və onların aradan qaldırılması üçün Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan qurumların ictimaiyyət nümayəndələri ilə mütəmadi müzakirələr aparması barədə məlumatlarımız var.  


Bəs ali məktəblərdə necə?..

Bu yazımızda ali məktəblərdə - universitetlərimizdə mövcud olan dərslik məsələsindən  danışacağıq.

AzEdu.az təhsil  portalı olaraq universitetlərimizdə ayrı-ayrı fənlərə aid dərslik problemlərinə aydınlıq gətirmək fikrindəyik.

Hörmətli tələbə, magistrant, doktorant, müəllim, professor, ən əsası ziyalı olan oxucularımız! Bu elə Sizin də probleminizdir. Gəlin birlikdə düşünək və tələbə, magistrant, doktorant  statusu daşıyan övladlarımızın, bacı və qardaşlarımızın  daha məzmunlu dərslik və dərs vəsaiti ilə təchiz olunmasına birlikdə töhfə verək. Müzakirəyə qatılmağınız, fikirlərinizi bizimlə bölməyiniz bizə dəstək verməyinizə bərabərdir.


İlk müşahidə və tədqiqat obyektimiz respublikamızdakı ali məktəblərin flaqmanı olan Bakı Dövlət Universitetidir.

Bakı Dövlət Universiteti həm də ona görə flaqman hesab olunur ki, bu gün ölkədə mövcud olan ali məktəblərin böyük əksəriyyəti bu təhsil mərkəzinin müəllimləri və elmi texniki bazası əsasında yaranıb. İndiki universitetlərin demək olar ki, hamısı illər öncə Bakı Dövlət Universitetinin kiçik bir fakültəsi olub. Sonradan ayrılıb, böyüyüb, inkişaf edib və bugünkü Azərbaycan Dövlət Tibb Universitetinə, Azərbaycan Dövlət Pedoqoji Universitetinə, Azərbaycan Dillər Universitetinə, Azərbaycan Texniki Universitetinə  çevrilib. Bu gün Bakı Dövlət Universiteti tələbə, magistrant, doktorant və eləcə də professor – müəllim heyətinin sayına görə Azərbaycanın ən böyük Universitetidir.  


Bakı Dövlət Universitetində kitab, jurnal, elmi ədəbiyyatın nəşr olunması sahəsində ciddi problemin olmayacağını düşünürdüm. Çünki universitet rəhbərliyinin təhsil sahəsində ən önəm verdiyi məsələlərdən biri  tələbələrin dərs vəsaiti və elmi ədəbiyyatla  təchiz  olunması məsələsidir. Bu məqsədlə humanitar, ictimai, təbiət elmləri üzrə müxtəlif kafedraların müəllim və tələbələri ilə söhbət etdik və mövcud olan vəziyyəti aydınlaşdırmağa çalışdıq. Gəldiyimiz qənaət bundan ibarətdir ki, universitetin professor – müəllim heyətinin elmi kitab, dərslik, dərs vəsaiti, elmi məqalə dərc etdirməsi ilə əlaqədar heç bir problemi yoxdur. Çünki Universitet rəhbərliyi bir alimin, müəllimin elmi dərslik, dərs vəsaiti və ya tədqiqat nəşri hazırlayıb başa çatdırması üçün bütün şəraiti yaradıb. Universitetin  nəşriyyat-poliqrafiya evi, mətbəəsi professor müəllim heyətinin, gənc tədqiqatçıların xidmətindədir. İstənilən kafedrada müzakrədən keçmiş kitab, dərslik və dərs vəsaitinin universitetin öz büdcəsi hesabına nəşr olunması üçün Böyük Elmi Şuraya müraciət olunur. Elmi Şura kafedra və fakültədən daxil olmuş müraciəti nəzərə alaraq, vəsaiti antiplagiat proqramından keçirdikdən sonra nəşrinə icazə verir və bu icazə universitet rəhbərliyi tərəfindən əmrləşdirilir. Bundan sonra qalır qısa müddətdən sonra təqdim olunan vəsaitin işıq üzü görməsi. Kitabın kafedrada təsdiq olunmasından nəşr olunmasına qədər bir aydan da az vaxt çəkir. Təbii ki, təqdim olunan dərslik və dərs vəsaiti tələb olunan səviyyədə tərtib olunub, antiplagiat proqramından uğurla keçərsə.


Söhbət etdiyimiz universitet müəllimlərinin  hamısı elmi kitab, dərslik və dərs vəsaitinin nəşr olunması ilə bağlı heç bir problemin olmadığını dedilər. Hətta belə bir məlumat da verildi ki, dərslik, dərs vəsaiti sahəsində ciddi nailiyyətləri olan kafedralar, müəllimlər dərs ilinin sonunda universitet rəhbərliyi tərəfində mükafatlandırılır, “İlin müəllimi”, “İlin kafedrası” adlarına layiq görülür. Bu fəxri adlarla yanaşı, Rektor fondu hesabına 2500-5000 manat məbləğində mükafat da nəzərdə tutulur.


Hətta Bakı Dövlət Universitetində Böyük Elmi Şuranın təşkil etdiyi komissiyalar tərəfindən kafedralar üzrə dərslik, dərs vəsaiti və proqramların mövcud vəziyyəti davamlı yoxlanılr. Proqram və dərsliklərin hər 5 ildən bir yenilənməsi zəruridir.


Universutetdən onu da bildirdilər ki, Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin nəzdində olan kafedralar dərslik, dərs vəsaiti və elmi kitabların nəşr olunması sahəsində həmişə irəlidə gedir. Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Ağalar Abbasbəyli dəfələrlə “İlin müəllimi” nominasiyasının qalibi olub. O həmişə ən məhsuldar alim kimi təqdim olunur.


Nəşr olunduqdan sonra dərslik, dərs vəsaiti və elmi ədəbiyyat ilk növbədə tələbə və müəllimlərinin ehtiyacını ödəmək üçün universitetin mərkəzi kitabxanasına və respublikamızda mövcud olan digər kitabxanalara verilir.

Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin  elmi kitabxanası    Axundov adına Mərkəzi kitabxanadan sonra respublikamızda ən böük kitabxana fonduna malikdir: 2,5 milyondan artıq kitab və elmi nəşr. Bu kitabxanadan universitetin 25 mindən yuxarı olan tələbə kontingenti və 3 min professor-müəllim heyəti mütəmadi olaraq istifadə edir. Kitabxananın nəzdində elektron kitabxana da fəaliyyət göstərir ki, ora da bütün tələbələrin giriş imkanı var. Deməli həm tələbə, magistrant və doktorantların, həm də professor –müəllim heyətinin Bakı Dövlət Universitetində dərslik və dərs vəsaiti ilə bağlı problemlərinin olmadığı təəssüratı yaranır.

Amma həqiqətən də belədirmi?

Kiçik bir sorğu apardıq və tələbələrdən dərslik və dərs vəsaiti ilə bağlı nə kim çətinliklər yaşadıqlarını soruşduq. Onlar xaricdə nəşr olunan elmi ədəbiyyatın əldə edilməsində çətinlik çəkdiklərini vurğuladılar. Elmi ədəbiyyatın individual şəkildə əldə edilməsi bir qədər çətin və bahalıdır. Universitet bu məsələdə tədqiqatçılara yardım etməyə çalışır. Amma bəzən ikitərəfli müqavilələrin olmadığını əsas gətirərək, bu ədəbiyyatı göndərmirlər.


Hörmətli oxucular bu yazımızda Bakı Dövlət Universitetində dərslik, dərs vəsaiti və elmi ədəbiyyatın nəşr olunması ilə bağlı tədqiqat apardıq. Bakı Dövlət Universitetinin bu sahədə fəaliyyətini bir etalon kimi götürüb digər ali məktəblərimizdəki mövcud vəziyyəti də tədqiq edəcəyik. Bizə qoşulun!