Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-21 11:08:00
Prezident mükafatçısından gənclərə tövsiyə - MÜSAHİBƏ

Prezident İlham Əliyev builki 2 fevral Gənclər günü münasibətilə bir sıra şəxsləri mükafatlandırmışdı.

Mükafatlandırılan gənclərdən biri - Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri, Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru Kamran Əliyev AzEdu.az-a müsahibə verib.

 

- 2023-cü ilin Prezident mükafatçılarından biri oldunuz, təəssüratlarınız necədir?

 

- 1 fevral 2023-cü ildə cənab İlham Əliyevin sərəncamı əsasında bir sıra gənc təhsil və sosial fəaliyyətlər üzrə Prezident mükafatına layiq görüldü. Böyük qürur hissi ilə deyə bilərəm ki, mən də o gənclərin arasında varam. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədr müavini, "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının sədri, Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru olaraq 7 ildən çoxdur ki, ölkədə gənclər siyasəti, könüllülük fəaliyyətinin, idmanın inkişafında aktiv şəkildə iştirak etmişəm. Fəaliyyət çərçivəsində istənilən Azərbaycan gəncinin ala biləcəyi ən ali mükafata layiq görülmüşəm. Bunun üçün çox xoşbəxtəm.


- Mükafat üzərinizə hansı məsuliyyəti qoyur?
 

- Bu mükafata görə ölkə rəhbərliyinə sonsuz təşəkkürlərimi bildirirəm. Çünki biz bu işləri görəndə qarşımıza qoyduğumuz ən ali məqsəd vətənimiz, millətimiz üçün kiçik də olsa nəsə etmək idi. Bu yolda belə səviyyədə dəstəyin və diqqətin olduğunu hiss edəndə və şahidi olanda insan məsuliyyətinin çoxaldığını başa düşür. Mən bundan sonrakı fəaliyyətimdə daha məsuliyətli, uzaqgörən, nizamlı və intizamlı iş ortaya qoymağa çalışacam. Bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqında "Aqrar İnkişaf könüllüləri" olaraq yetərincə böyük işlərə imza atmışıq. Artıq 72-ci gündür ki, Laçın yolunda  keçirilən ekoloji aksiyada iştirak edirik. Bildiyimiz kimi, aksiya Azərbaycan ərazilərində qeyri-qanuni ekoloji terrorun qarşısının alınması məqsədilə dinc şəkildə keçirilir. Bundan sonra da dövlətimizə faydalı layihələr üçün əlimizdən gələni etməyə hazırıq.

 

- Aktiv gənc olara həmyaşıdlarınıza tövsiyələriniz nələrdir?

 

- Mən bir gənc olaraq ali təhsil müəssisəsinin bakalavr pilləsini bitirmişəm, hazırda magistratura təhsili alıram, beynəlxalq yarışlarda qalib olmuşam, eyni zamanda, 3 təşkilata rəhbərlik edirəm. Bütün bunların kökündə tutduğum ən vacib məsələ sadiq olduğum dəyərlərdir Bu dəyərlərə sadiqlik və sədaqət hansı yolla olursa-olsun insanı uğura aparır. Mənim tutduğum dəyərlər vətənpərvərlik, dövlətçilik, millətinə sədaqət və millətinə xidmətdir. Nə işlə məşğul olsaq, bu dəyərlərə sadiq qalmağımız kifayət edir ki, işimizdə uğurlar ard-arda gəlsin. Gənclərə tövsiyələrim budur ki, vətənə layiq olmaq üçün faydalı işlər görsünlər, öz dəyərlərinə sadiq olsunlar...