Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 14:43:00
Universitetlərdə tələbələrə göz dağı - Yataqxanaları var, amma verə bilmirlər

Adətən ali məktəblərə qəbul olunan çox sayda tələbənin əsas qayğılarından biri yerləşməklə bağlı olur: harda qalacaq, harda yatıb-duracaq? Bu problem xüsusilə bölgələrdə yaşayan və Bakıda təhsil alan tələbələr üçün daha aktualdır. Kirayə mənzillərin qiymətinin tələbələr üçün münasib olmaması isə bir çoxlarına çətinliklər yaradır. Belədə universitetlərin yataqxanasında qalmaq tələbələr üçün ən əlverişli variantdır. Amma bu xoşbəxtlik heç də hamıya qismət olmur. Axı hazırda bütün universitetlər tələbələrinə yaşamaq üçün yataqxana təklif etmir. 

Bəs hazırda Azərbaycan universitetlərində yataqxanaların fəaliyyəti nə səviyyədədir?

 

AzEdu.az portalı universitetlərlə yataqxana məsələsinə dair sorğu keçirib:

 

Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev yataqxanalarda tələbələr üçün rahat şəraitin yaradıldığını qeyd edib:


“Bakı Mühəndislik Universitetində (BMU) oğlan və qızlar üçün 300 nəfərlik iki böyük yataqxana fəaliyyət göstərir. Universitetdə tələbələrin yataqxana ilə təminatı ən müasir tələblərə cavab verir. Yataqxanaların bütün mərtəbələrində istirahət guşəsi və dərs çalışma otaqları var. Əlavə olaraq hər iki yataqxanada yaxınlarını görmək üçün gələn valideynlər üçün qonaq otaqları mövcuddur. Binalarda zəngin kitabxana, akt və fitnes zalları, iaşə və məişət xidməti (camaşırxana, dərzi otaqları və s.) fəaliyyət göstərir. 

Hər iki binada bufet və gündə 3 dəfə zəngin çeşidli qidalarla tələbələrə xidmət edən yeməkxanalar mövcuddur. Yataqxanalarda 1 kitabxana və 4 dərs çalışma otağı tələbələrin istifadəsinə verilib. Tədbirlər və seminarlar  keçirmək üçün yataqxanada 120 nəfərlik akt zalı yaradılıb. Tələbələrin idmanla məşğul olmaları üçün müasir avadanlıqlarla təchiz olunmuş idman zalı, stolüstü tennis zalı və şəhərcik daxilində yerləşən basketbol, voleybol, futbol stadionları var. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Məlumat üçün onu da bildirək ki, BMU-da yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər 2 valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum olan, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük verilir".


BMU-da tələbələr üçün yataqxanaya görə kirayə ödənişləri elə də yükəsk deyil və 1 ay üçün 50 manat təşkil edir.

 

Azərbaycan Dövlət Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova yaxın zamanlarda universitet yataqxanasının istifadəyə veriləcəyini deyib:

 

“AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş beşmərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Hazırda binalarda 100-dən çox ailə yaşayır. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxanalar əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək”.

 

Azərbaycan Dillər Universitetinin Tələbə həmkarlar ittifaqı komitəsinin sədri Zəhra Hüseynova yataqxananın yalnız qızlar üçün olduğunu vurğulayıb:

 

“Universitetimizin yataqxanası mövcuddur. Yaşayış üçün yararlı vəziyyətdədi. Ümumillikdə bizim tələbələrdən başqa digər universitetlerimizin də tələbələrini burada yerləşdirməyə çalışırıq. Təəssüf ki, bizim yataqxanamız yalnız qızlar üçündür. Hazırda yataqxanamızda 70 tələbə var. Ödəniş isə 30 AZN təşkil edir”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova deyib ki, bu təhsil ocağının yataqxanası olduğu halda ondan istifadə edə bilmirlər:

 

“UNEC-in 5 yataxanası var, hamısında məcburi köçkünlər məskunlaşıb. Ona görə tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenilənərək, tələbələrin istifadəsinə veriləcək”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov yataqxananın təmirə ehtiyacı olduğunu deyib:

 

“Universitetimizin bir yataqxana korpusu fəaliyyət göstərir. Təxminən 700 nəfərlik yataqxanadır. Hazırda orada 97 tələbə qalır. Onların təqribən yarısı əcnəbilərdir. Yataqxanada bir otağın qiyməti 100 manatdır. Əgər otaqda bir tələbə qalırsa, bu məbləği tam ödəyir. 2-3 nəfər qaldıqda isə həmin məbləği bölərək ödəyirlər.
Hazırda yataqxananın qismən təmirə ehtiyacı var və bu işlər yaxın zamanda davam etdiriləcək. Elə bu səbəbdəndir ki, yataqxana 700 nəfərlik olmasına baxmayaraq orada çox az tələbə qala bilir. Düşünürəm ki, təmirdən sonra yataqxanada yaşayacaq tələbələrin sayı xeyli artacaq. Maddi vəziyyəti yaxşı olmayan yerli tələbələrimiz müraciət edərək universitetimizin Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən pulsuz olaraq yataqxanda qala bilirlər”.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq deyib ki, onların yataqxananasında uzun illərdir məcburi köçkünlərin məskunlaşdığından tələbələr istifadə edə bilmirlər.