Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 13:20:00
Kirayə qiymətlərində artım olacaq? - Tələbələr NARAHATDIR

Son vaxtlar zəlzələ ehtimalından narahat olan bina evlərində yaşayanların mənzillərini dəyərindən ucuz satıb həyət evi almaq istədikləri barədə elanlarla qarşılaşırıq. Bildiyimiz kimi, Bakıda təhsil alan bir çox tələbəmiz kirayə mənzillərdə qalır. Bəziləri düşünür ki, son hadisələr həyət evlərinin kirayə haqlarının qalxmasına səbəb ola bilər. Təbii ki, bu da tələbələrin narahat edir.

Doğrudanmı zəlzələ təşvişi kirayə qiymətlərinə təsiri göstərəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov insanların çoxunda təşviş yarandığını bildirib:

 

"Hazırkı durum bəzi vətəndaşlarda bir az panik vəziyyət, fobiya yaradıb. Bu səbəbdən bəzi çoxmərtəbəli binalarda yaşayanlar evlərini satmaq barədə düşünürlər. Hətta ola bilər, bir qismi artıq mənzillərini satışa  çıxarıb. Eyni zamanda, onu da qeyd edim ki, sözügedən mövzu bütün mənzil istifadəçilərinə aid edilmir. Düşünürəm ki, hardasa əhalinin 5 faizi bu kateqoriyaya aid oluna bilər".

 

Ekspert qiymət artımı barədə qeyd edib ki, hazırda konkret nəsə demək üçün tezdir, biz bunu önümüzdəki aylarda görəcəyik:

 

"2020-ci ildə də zəlzələdən sonra bu kimi hallar müşahidə olunmuşdu. Zamanla insanların fikrindən yayınıb getdi. Bu da o demək deyil ki, son  hadisələrin əmlak bazarına ciddi təsiri olacaq. Hazırkı vəziyyət əsasən yeni tikilən binalarda satışa bir az təsir edib. Yenə də biz bir neçə aya bu situasiyanın nəticəsini faktlarla görə biləcəyik".