Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 12:36:00
Müəllimlərimiz xarici dili düzgün tədris edə bilirmi? - EKSPERT

Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur.

 

Bəs abituriyentdən bu bacarıqlar tələb olunursa, məktəblərdə xarici dil fənni düzgün tədris olunurmu? İmtahana xarici dil üzrə dinləmə mətninin əlavə olunması abituriyentlər üçün hansı çətinliklər yaradır?

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bir sıra vacib nüansları önə çəkib:

 

"İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir. Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər - ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər.

 

Ölkəmizdə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir.

 

Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Və dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. İstənilən sahədə çalışan şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar və hazırda məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunur. Əslində bu ilk baxışdan normaldı".

 

Ekspert imtahan nəticələrinə baxdıqda nəticələrin qənaətbəxş olduğunu bildirib:

 

"Əvvəla bizdə şagirdlərin mühiti başqadır, yəni xaricdəki kimi deyil. Məsələn, xaricdə uşaq məktəbə getməzdən əvvəl, yəni uşağın məktəbəqədər dövrü zamanı da ingilis dili dərsləri keçirilir. Təbii ki, yaşa uyğun şəkildə. Və uşaq artıq məktəbə gedəndə daha rahat şəkildə dərslikləri mənimsəməyə başlayır.

Buraxılış imtahanlarının nəticələrinə nəzər yetirdikdə görürük ki, şagirdlər xarici dildən minimum tələbləri ödəyiblər. Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85 faizi ana dili fənni üzrə, 57.98 faizi riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15 faizi, riyaziyyat fənni üzrə isə 42.02 faizi “4” və “5” qiyməti alıb.

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56 faizi ana dili fənni üzrə, 44.16 faizi riyaziyyat fənni üzrə “2” və “3”, ana dili fənni üzrə şagirdlərin 54.44 faizi, riyaziyyat fənni üzrə isə 55.84 faizi “4” və “5” qiyməti alıblarsa, 11-ci siniflər üzrə ortalama qiymətlərdən belə görünür ki, ana dili üzrə "2" qiyməti alanların sayı ingilis dilindən "2" alanların sayından çoxdur. Ana dilindən "5" qiyməti alanların faizi (20.47) isə ingilis dilindən "5" qiyməti alanların faizindən (30.2) daha aşağıdır. Yəni həm IX həmdə XI siniflərdə şagirdlərin ingilis dilindən nəticələri digər fənlərlə müqayisədə yaxşıdır.

 

Bütün dünyada insanlar ingilis dilini öyrənirlər. Rus bölməsinin fəaliyyəti sosial sifariş olduğu üçün vətəndaşların istəyi günü-gündən artır, fəaliyyət göstərir. Rus bölməsinin fəaliyyətinin dayandırmamasının da səbəbləri var. Belə ki, rus bölməsində təlimin keyfiyyəti Azərbaycan bölməsindəkinə nisbətən yüksəkdir. Bu xüsusilə də ibtidai siniflərdə qabarıq müşahidə olunur. Azərbaycan bölməsində çatışmayan cəhətlərdən biri uşağın sosiallaşmasına, cəmiyyət üçün hazırlanmasına diqqət yetirilməməsidir. Onu da qeyd edim ki, rus bölmələrində də çalışan müəllimlərin 99 faizi azərbaycanlıdır. Lakin bu bölmədə çalışan Azərbaycan müəllimləri daim axtarışdadır, öz üzərində işləyir, valideynin tələbatını, sosial sifarişi mükəmməl şəkildə yerinə yetirir. Bizim valideynlər bunu dərk edir. Ona görə də uşaqlarını əlindən tutub ibtidai siniflərdə rus bölməsinə aparırlar. Hətta uşaq bağçasında da rus bölməsinə qoymağa üstünlük verirlər.

 

Rus dili ilə yanaşı, bu gün ingilis dilinə böyük tələbat var. İngilis dilinin tədrisi ilə bağlı saatların sayı da orta məktəblərin tədris proqramında rus dili ilə müqayisədə üstünlük təşkil edir. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Amma ingilis dilinin Azərbaycan dilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır".

 

K.Əsədov ingilis dili bilən kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb:

 

"Şagirdlərə müxtəlif fənnləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırılmalıdır. Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmadı. İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək.

 

Düşünürəm ki, ingilis dilinin ibtidadi siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır. Amma dünyanın universitetlərinin çoxunda müxtəlif dilləri, hətta ölü latın dilini öyrədirlər. İtalyan, fransız, alman dillərini keçirlər. Müxtəlif dillərdə təlimin təşkili kütləvi olmur. Lakin burada məqsəd xarici dildə təlim alanların fəaliyyətinin gələcəkdə o dil istiqmətində təşkil edilməsidir. Amma bizdə hansı dildə təhsil almaqdan asılı olmayaraq sonda mütəxəsisin işsiz qalma və ya qeyri sahədə işləmə ehtimalı böyükdür".