Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 11:05:00
“Brend tələbə”dən yaşıdlarına çağırış: “Özünüzə inanın və heç nədən qorxmayın” - MÜSAHİBƏ

Azedu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını abituriyentlərə çatdırmaq məqsədilə universitetlərlə birgə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Saytımızda onlarla silsilə müsahibələrə başlamışıq.

Budəfəki həmsöhbətimiz Bakı Mühəndislik Universitetinin "Brend tələbə"si Cavad Məmmədlidir

 

- “Brend tələbə” seçilmək sizə necə təsir etdi?

- “Brend tələbə” seçiləndən sonra mənim motivasiyam daha da yüksəldi. Bu motivasiya müxtəlif könüllü təşkilatlarda daha da aktivləşməyimə səbəb oldu, mənə müsbət yöndə təsir etdi. Və hər şeydə “daha yaxşı” olmağa çalışmağıma imakan yaratdı. Ailəm, dostlarım bu uğuruma görə çox sevindilər. Amma təbii ki, ən çox sevinən və ruhlanan mən özüm oldum. 

 

- Həyatda uğur qazanmağa istək sizdə nə zaman yaranmağa başlamışdı?

 

- Mən orta məktəbdə oxuyarkən, daha kiçik yaşlardan rəqabətə meyilli idim. Sinifimizdə 15-20 nəfər var idisə, onların hamısı ilə rəqabət aparır, “ən yaxşı” olmağa çalışırdım. Məktəb zamanı öz savadıma görə ilk üç sıradan birində olurdum. O dönəmlərdə müxtəlif olimpiadalarda iştirak edirdim. Abituriyent olduğum vaxtlar “Ölkəmizi tanıyaq” layihəsinin keçirdiyi yarışlarda iştirak edib, komandamızla ikinci yer tutmuş, diplom və  medalla təltif olunmuşduq.

 

- Boş vaxtlarınızı səmərəli keçirmək üçün nələr edirsiniz?

- Məktəb vaxtına nisbətən, universitetə qəbul olunduğum ildən sonra daha çox sosiallaşmağa başladım. Bu dəyişimi özümdə ciddi şəkildə hiss edirdim. Müxtəlif könüllü fəaliyyətlər, təlimlər, seminarlarda iştirak edirəm. Hazırda bəzi təşkilatlarda sədrliyə namizədəm. Boş vaxtlarımda əsasən bunlarla məşğul olur, zamanımı daha sərfəli keçirməyə çalışıram. Təbii ki, boş vaxtlarım təkcə bunlarla keçmir. Əlavə olaraq film izləməyi, dostlarımla gəzməyi və əylənməyi çox sevirəm.

 

 

Açıklama yok.

 

- Müxtəlif könüllü fəaliyyətlərlə məşğul olmaqdan yorulmursunuz?

 

- Aktiv, sosial tələbə olmaqdan çox məmnunam. Bu məni yormur. Zamanla bəzi məşğuliyyətlər insanda vərdiş halına gəlir. Bu pis bir şey də ola bilər, yaxşı da. Bəzən ola bilər ki, “dərslərində yaxşı ol”, “idmanla məşğul ol”, “ümumi fəaliyyətlərində aktiv olmağa çalış” kimi düşüncələr  yorucu görünə bilər. Amma bayaq da qeyd etdiyim kimi, hər şey öyrəşənə qədərdir.

 

 - Gələcək karyeranız barədə nə düşünürsünüz?

 

- Gələcək karyeram barəsində çox fikirlərim var. Bunların hamısını saymaq xeyli vaxt aparar. Qısaca deyə bilərəm ki, iş həyatımda böyük uğurlara imza atmaq istəyirəm.

 

- Buradan yaşıdlarınıza nə demək istəyirsiniz?

 

- Özünüzə inanın! Özünə inam çox önəmlidir və heç nədən qorxmaq lazım deyil. “Müsahibəyə gedərəm, yaxşı alınmaz”, “Məni seçməzlər”, “Müsahibədən kəsilərəm” və s. bu düşüncələri tamamilə beyindən atmaq lazımdır. Hər kiçik addımdan bir təcrübə qazanmaq mümkündür. Özüm də keçməyəcəyimi bilə-bilə bir neçə müsahibədə iştirak etmişəm. Bu, məndən heç nə əskiltməyib. Əksinə, mühitlə tanış olub yeni nələrsə öyrənməyə çalışmışam. Uğur qazanmağın ən əsas qaydası qorxmamaq, pessimist düşüncələrə və qıraq fikirlərə aldanmamaqdır.


 

Açıklama yok.