Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 10:30:00
UFAZ-ın diplomları xarici ölkələrdə tanınırmı? - AÇIQLAMA

Bir çox tələbəni maraqlandıran mövzulardan biri ikili diplom məsələsidir. Ölkəmizdə hansı universitetlərdə ikili diplom programı mövcuddur və bu diplom hansı ölkələrdə tanınır?

Araşdırmamıza ilk olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə başladıq.

 

Universitetin PR və Beynəlxalq əlaqələr üzrə departamentinin müdiri Kamil Piriyev AzEdu.az-a bildirdi ki, UFAZ tələbələri təhsillərini başa vurduqda iki milli diplom əldə edir.

Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomu, digəri isə Strasburq Universitetinin və ya (neft qaz mühəndisliyi ixtisası) Renn 1 Universitetinin diplomudur. Hökumətlərarası müqaviləyə əsasən, UFAZ məzunlarının diplomları hər iki ölkə tərəfindən avtomatik tanınır. Strasburq və Renn 1 universitetlərinin diplomu bütün dünyada tanınır.

 

Kamil Piriyev universitet haqqında danışarkən onu da qeyd etdi ki, UFAZ Azərbaycan və Fransa prezidentlərinin 2014-cü ildə irəli sürdükləri layihədir. UFAZ Azərbaycanda Neft və Sənaye Universiteti, Fransada isə Strasburq Universiteti (Unistra) tərəfindən idarə olunur. UFAZ-da 4 bakalavr - Kimya mühəndisliyi, Neft və qaz mühəndisliyi, Geofizika mühəndisliyi və Kompüter elmləri proqramları və 3 magistratura - Yer elmləri, Fiziki-kimya Mühəndisliyi, Big Data və Süni Zəka proqramları tədris olunur. Tədris ingilis dilindədir. UFAZ-da il ərzində 130 nəfər Fransadan dəvət olunmuş professor, 6 daimi fransız müəllimi (o cümlədən hər ixtisas üzrə proqram rəhbəri) və yerli müəllimlər çalışır.