Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-17 10:59:18
Gənc müəllimdən nazirliyə müraciət: “ Bu mövzu Tarix dərsliklərindən çıxarılsın”

“Təklifim və iradım Tarix dərsliklərində ibtidai icma dövrünün verilməsi ilə bağlıdır. Tarix kitablarından ibtidai icma quruluşu çıxarılsın və birbaşa sivilizasiya dövrü ilə bağlı kitablar yazılsın”, - deyə müəllim Müşfiq Nağıyev Təhsil Nazirliyindən xahiş edir.

Müşfiq Nağıyev Hacıqabul rayon Kolani kənd tam orta məktəbinin tarix müəllimidir.

AzEdu.az gənc müəllimin Təhsil Nazirliyinə müraciətini olduğu kimi təqdim edir:

“Hər il nəşr olunan yeni kitablarda ibtidai icma dövründə baş vermiş hadisələr fərqli formalarda verilir. Məsələn, paleolit dövründə baş vermiş bir hadisənin yeni kitabda mezolitdə yarandığının şahidi oluruq, mezolitdə yaranan bir əmək alətinin isə yeni nəşr kitablarda neolitdə yarandığını görürük və ya erkən tuncda qəbirlər üzərində kurqanların qurulmasını növbəti nəşrdə son tuncda qurulduğunu görürük. Bundan əlavə, Azıx mağarasını bir kitabda Füzuli rayonunda yerləşdiyini yazırlar, o biri kitabda isə Xocavənddə yerləşdiyini... Beləcə, xeyli uyğunsuzluq və səhvləri, uydurma və yalan məlumatların şahidi oluruq. Həm müəllimlər çaş-baş qalır, həm də şagirdlər. Ümumiyyətlə, ibtidai icma quruluşu və ibtidai insanlar deyə bir şey varmı? Bunlar hamısı Darvinin təkamül nəzəriyyəsində qalmış fikirlərdir və hələ də tarix kitablarında ibtidai insanlar və ibtidai icma quruluşu kimi dərsliyə salınır. Hesab edirəm, ilk insanlar Adəm və Həvva olub. Onlar da, elə həmin insanlardan sonra gələnlər də müasir insanlardan heç nə ilə fərqlənməyiblər. Çox xahiş edirəm ki, tarix kitablarından ibtidai icma quruluşu çıxarılsın və birbaşa sivilizasiya dövrü ilə bağlı kitablar yazılsın”.