Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 11:25:00
Elm və Təhsil Nazirliyi suallara cavab vermir - EKSPERT

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Nazirliyin Medianın İnkişafı Agentliyi ilə birgə keçirdiyi təlim-seminarda bildirib ki, bu gün hələ də sosial şəbəkələrdə dünyanın düz olması ilə bağlı müzakirələr gedir. O, elmin cəmiyyətdə təbliği üçün ciddi addımlar atılmalı olduğunu vurğulayıb.

Bəs cahilləşmənin qarşısını almaq üçün təhsil müəssisələrində hansı tədbirlər görülməlidir?

AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlər üçün onlayn rejimdə olsa belə, müəyyən əlçatan informasiya mənbələri hazırlanmalıdır:

 

“İlk növbədə onu qeyd edim ki, elmin texniki tərəfindən texnologiyanın inkişaf etməsi və onun əlçatan olması cəmiyyətdə müxtəlif fikirləri ortaya çıxarır. Biz ciddi şəkildə gördük ki, 2020-ci ilin mart ayında Azərbaycanda pandemiya səbəbindən dərslər onlayn rejmə keçəndən sonra bütün şagirdlər telekommunikasiyalara daha yaxşı çıxış əldə etdilər. Onların kompüter, planşet və telefondan istifadə edərək informasiya resusrları əldə etmək imkanları genişləndi. Çox təəssüflər olsun ki, internet resurslarında olan informasiyaların heç də hamsı dəqiq, doğru və qərəzsiz deyil. Təbii ki, indi istənilən bir fikir hansısa elmi tədqiqata əsaslanmalıdır. Birmənalı şəkildə qeyd edim ki, cəmiyyətdə elmin həqiqətən də təbliği mütləq aparılmalıdır. Bizim 4432 orta ümumtəhsil müəssiələrində təhsil alan 1.6 milyon şagirdimiz var və onlar yanlız informasiya mənbəyi məktəblərdəki müəllim və kitablarıdır. İnternetdə gördüyü informasiyaları dəqiqləşdirmədə ciddi problem mövcuddur. Hesab edirəm ki, bizim ümumtəhsil müəssisələrimizdə elmi-texniki yeniliklər mütləq şəkildə izah olunmalıdır, birmənalı şəkildə elm təbliğ olunmalıdır. Ən vacib məqam şagirdlərin iştirakı ilə müəyyən konfranslar və tədbirlər keçirilməsidir. Şagirdlər hər hansısa faktla və ya informasiya ilə bağlı tərəddüd yaşayır və bunun həqiqiliyini yoxlamaq istəyirlərsə, mütləq şəkildə elm adamlarının, alimlərin iştirakı ilə seminarlar təşkil olunmalı, müzakirə məclisləri və klublar daha əlçatan olmalıdır. Şagirdlər üçün biz onlayn rejimdə olsa belə, müəyyən əlçatan informasiya mənbəyi hazırlamalıyıq ki, Yerin düz olmağından tutmuş, kosmik fəza və yadplanetlilər kimi istənilən son dövrlərdə elmi mühahisəyə səbəb olan məsələlərlə bağlı bdaha rahat informasiya ala bilsinlər”.

 

Ekspert bu mövzu ilə bağlı Elm və Təhsil Nazirliyində ciddi problemlər olduğunu da vurğulayıb:

“Bizim bu gün ən ciddi problemimiz Elm və Təhsil Nazirliyinin cəmiyyətlə kommunikasiyasının olmaması ilə bağlıdır. Cənab Prezidentin sərəncamı ilə AMEA-da bir çox institutlar və mərkəzlər Təhsil Nazirliyinə verildi, amma onlar cəmiyyətə açıq deyil və kommunikasiyası yoxdur. Bizim şagirdlərimiz məhz Elm və Təhsil Nazirliyinin təşkil etdiyi seminarlarda bu suallara cavab tapmalıdır. Bu gün təəssüf ki, Elm və Təhsil Nazirliyi heç bir suala cavab vermir və bu ciddi bir problemlərə gətirib çıxara bilir. Hesab edirəm ki, bizim şagirdlərimizin və cəmiyyətimizin cahilləşməsinin qarşısını almaq məqsədilə təhsil müəssiələrində mütəmadi olaraq bu tipli tədbirlər keçirilməlidir, şagirdlərə mübahisəli məqam olaraq gələn mövzular konkret bir fikirlə və ya sözlə yox, faktlar və tədqiqatlarla izah olunmalıdır. Çox təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyinin fəaliyyəti bu sahədə yetərli deyil”.