Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 10:50:00
“Məni mən edən spesifik xüsusiyyətlərim olub” - “Brend tələbə” ilə MÜSAHİBƏ

Azedu Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Şərtlərə əsasən, hər universitet tərəfindən təklif olunan 10 tələbə professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir.

 

AzEdu.az bu meyarlara əsasən, “Brend tələbə” seçilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nərgiz Quluzadə ilə müsahibəni təqdim edir: 

 

- “Brend tələbə” seçilmək sizə nə qazandırdı?

 

- Bu suala cavab vermək qəribədir. Çünki, buradan qazancın təkcə sevinc olur. Geriyə dönüb baxanda çəkdiyin əziyyətin yerdə qalmadığını hiss edirsən. Bu insanı xoşbəxt edir.

 

- Buna ailənizin, dostlarınızın reaksiyası necə oldu?

 

- Hər bir uğurumda olduğu kimi, bunda da həm ailəmin, həm də dostlarımın gözündəki o sevinci gördüm. Bunu hiss etmək belə bəsdir. 

 

- Orta məktəbdə oxuyarkən digər şagirdlərdən nə iləsə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?

 

- Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Hər zaman mən müəllimlərimi, onlar da məni sevib. Digər şagirdlərdən fərqlənmək deməyək, amma özüməməxsus məni mən edən şeylər olub. Bunlara başda idarəetmə qabiliyyətim və özümə güvənim olmaqla, digər spesifik xüsusiyyətlərim də daxildir.

 

- Universitet dərslərindən sonra boş vaxtlarınızı necə dəyərləndirirsiniz, hansısa maraqlı məşğuliyyətləriniz və ya hobbiniz var?

 

- Dərslərimdən vaxt tapdıqca film izləməyi, kitab oxumağı və idmanla məşğul olmağı sevirəm. Bundan əlavə, dərslərimdən kənar universitetimizdə fəaliyyət göstərən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində sədr olduğum üçün orada mütəmadi olaraq layihələr həyata keçiririk. 

 



Açıklama yok.

 

 - Universitetinizin nüfuzunu yüksəldə biləcək hansı ideyaları irəli sürmüsünüz, bunlardan hansıları real olub?

- Dediyim kimi, universitetimizdə fəaliyyət göstərən ADPU Təhsil Könüllüləri Tələbə Birliyində sədr olaraq fəaliyyət göstərirəm. Bu birliyin tərkibində çox sayda təhsil layihələri həyata keçiririk. Məsələn, birliyin tərkibində dərnəklər fəaliyyət göstərir ki, bunlar “tələbəyə tələbə dəstəyi” prinsipi ilə fəaliyyətdədir. Ödənişsiz olaraq tələbələrə dil (ingilis dili, rus dili) dərsləri, rəsm dərsləri və musiqi (piano dərsləri və s.) dərsləri keçirik. Bu da tələbələr üçün boş vaxtlarının çox yaxşı dəyərləndirilməsi deməkdir. Bu yaxın zamanlarda “Şagirdə tələbə dəstəyi” layihəmizlə isə Bakı kənd məktəblərində şagirdlərimizə könüllü olaraq dərslər keçərək, dəstək olacağıq. Düşünürəm ki, hələ gələcəkdə çox ideyalarım var ki, öz reallıqlarını tapacaq.

  

”Brend tələbə” meyarların ən azı 70%-nə sahibsiniz. Bu qədər aktiv tələbə olmaq sizi yorurmu?

- Düşünmürəm ki, bu suala kimsə "yorur" cavabı verə, çünki biz bunu “Brend tələbə” olmaq üçün deyil, özümüz üçün etdiyimiz şeylərin qiymətləndirilməsi kimi adlandırırıq. Təbii ki, bu, nə vaxtsa qiymətləndiriləcək, ona görə edim yox, bayaq da qeyd etdiyim kimi, özümüz üçün, öz məqsədlərimiz, hədəflərimiz üçün edirik. Və bundan yorulmaq yox, sadəcə həzz alıram. Öz istədiyim kimi təhsil alıb, öz üzərimdə işləməklə yanaşı, həm ictimai fəaliyyətimə, həm də özümə vaxt ayıra bilirəmsə, bundan gözəl xoşbəxtlik ola bilməz. 

 

- Gələcək karyeranız üçün hədəfləriniz nələrdir?

 

- Mən ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıram. Düşünürəm ki, təhsilin ilkin özəyi elə ibtidai siniflərdə başladığından təhsil sahəsinə çox yaxşı başlanğıc etmək nəsib olub. Bu özəyin üzərinə daha gözəl biliklər, təcrübələr qatmaqla, gələcəkdə təhsil sahəsində uğurlu olacağımı düşünürəm.


- Başqa tələbələri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz?

 

- Heç vaxt öz istəklərinizdən, ideyalarınızdan dönməyin. Əgər o yolda uğurlu olacağınızı düşünürsünüzsə, əmin addımlarla addımlayın. Bir gün heç gözləmədiyiniz anda möcüzələrlə qarşılaşacaqsınız. İnanın mənə, siz olduğunuz yerin ən yaxşısı olmağı istədikcə, ən yaxşılar sizi tapacaq. Ona görə mütaliə etməyi, özünüzə inanmağı və özünüzə vaxt ayırmağı unutmayın. Bu sizin üçün uğurun açarı olacaq.

 

 

Açıklama yok.