Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 15:28:00
Hansı universitetdə tələbələr qış imtahanlarından narazı qalıb? - SORĞU

Azərbaycan universitetlərində qış imtahan sessiyaları artıq başa çatıb.

 

Builki imtahan sessiyası nəticəsində ümumi vəziyyət necə olub? Ötən illərə nisbətən müsbət yaxud, mənfi dəyişiklik baş veribmi? İmtahandan uğurla keçənlərlə, akademik borcu yarananlar arasında fərq böyükdürmü?

 

AzEdu.az portalının əməkdaşı bu suallarla universitetlərin mətbuat xidmətlərinə müraciət edib.


Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova
imtahan nəticələrinin statistikasına diqqət çəkib:

 

"Qış imtahan sessiyasında ümumilikdə 23 697 təhsilalan iştirak edib. Bakalavriatura səviyyəsi üzrə 19253, magistratura səviyyəsi üzrə 1932, Bakı Dövlət Universitetinin Qazax filialı üzrə 1690, SABAH qrupları üzrə 822 nəfər imtahan verib. Tələbələrin müvəffəqiyyət göstəricisi 86 faiz, keyfiyyət göstəricisi 44 faiz təşkil edib".

 

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinn rəhbəri Günel Aslanova fakültələrdəki tələbələrin müvəffəqiyyət göstəricisinin olduqca yüksək olduğunu bildirib:

 

"Bizim universitetdə əvvəlki illərdən fərqli olaraq I kurs tələbələri üçün davamiyyət balı ləğv olunub. Digər kurslarda isə ənənəvi qayda qorunub saxlanılır. İnanıram ki, islahatlarımızın məntiqi sonluğu öz müsbət nəticəsini verəcək. Tələbələrin bu imtahan sessısında daha aktiv olduqlarına şahidlik etdik. Bütün fakültələrdə tələbələrin müvəffəqiyyət göstəricisi 95% üzərində olub. Yalnız stomatologiya fakültəsində digərlərinə nisbətən nəticə aşağı olub.
Bunun da səbəbi orada əcnəbi tələbələrin çoxluq təşkil etməsidir. Həmin fakültədə tələbələrin müvəffəqiyyət göstəricisi 85% faizin üzərində olub. Amma biz universitetlərimizin keyfiyyət göstəricisini təhlil etdikdə, əvvəlki illərə nisbətən aşağı olduğunu görürük. Burada yenə səbəb  universitetdə əcnəbi tələbələrin sayının artımasıdır. İmtahan prosesi zamanı tələbələr və müəllimlər tərəfindən heç bir şikayət daxil olmayıb".

 

Azərbaycan Universitetinin mətbuat xidmətinin rəhbəri Lalə Dilanova Universitetdə qış imtahan sessiyasının uğurla başa çatdığını bildirib:

 

"Sessiya müddətində imtahanların mövcud qaydalara uyğun və şəffaf təşkili məqsədilə lazımi inzibati və texniki tədbirlər yüksək səviyyədə təşkil olunub. Tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndirilməsinin təmin olunması üçün imtahanların gedişinə ciddi nəzarət edilib. İmtahan sessiyasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılması məqsədilə Apellyasiya komissiyası təşkil edilib. Nəticəsindən narazı qalan tələbələrin imtahan bitdikdən sonra ərizə ilə komissiyaya maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb. Apellyasiya Komissiyası daxil olan müraciətlər operativ şəkildə araşdırılıb və müvafiq qərarlar qəbul edilib".

 

Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli tələbələrin biliyinin üç formatda qiymətləndirildiyini bildirib:

 

"İmtahan sessiyası uğurla başa çatıb. Tələbələrin biliyi 3 formatda yazılı, şifahi və test üsulu ilə qiymətləndirilib. Qərbi Kaspi Universiteti olaraq imtahan sessiyasına yalnız tələbələrin qiymətləndirilməsi kimi yox, həm də biliklərin ötürülməsi səviyyəsinin, universitetin tədrisinin keyfiyyəti kimi baxırıq və nəticələr təhlil olunaraq növbəti tədris semestri üçün müvafiq addımlar müəyyən edilir. Tələbələr imtahanların nəticələri ilə razılaşmadıqda həmişə olduğu kimi Apellyasiya komissiyasına müraciət ediblər, Onların müraciətləri əsasında yenidən qiymətləndirmə aparılıb və deməliyik ki, bu müraciətlərdə əvvəlki dövrlə müqayisədə azalma müşahidə edilib".


Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova imtahanı uğurla başa vuranların göstəricisinin yetərincə yüksək olduğunu bildirib:

 

"Məlumat üçün qeyd edə bilərəm ki, Lənkəran Dövlət Universitetində 2022-2023 tədris ilində imtahanı müvvəfəqiyyətlə başa vuran tələbələr 74% təşkil edib. Keyfiyyət göstəricisinə nəzər yetirdikdə 17% olduğunu deyə bilərik. İmtahan nəticələrini ötən illər ilə müqayisə etdikdə, müsbət yönümə doğru dəyişdiyinin şahidi ola bilirik. İmtahan prosesi şəffaf formada başa çatıb. Tələbələr arasında heç bir narazılıq müşahidə olunmayıb".


Azərbaycan Dövlət Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova imtahanda məqbul qiymət alanların göstəricisinin yüksək olduğunu qeyd edib:

 

"Payız semestri, qış imtahan sessiyasının nəticələri qənaətbəxşdir. Məqbul qiymət alan tələbələrin göstərici olduqca yüksəkdir. İmtahanda tələbələrin 97,63% iştirak edib. Digərləri müəyyən səbəblərdən iştirak edə bilməyib. Tələbələrin 91,45% imtahandan məqbul qiymət alıb. 6% tələbənin imtahan nəticəsində akademik borc yaranıb".