Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 13:10:08
Müəllimi zəlzələdə həlak olan Gündüzdən danışdı: “Tərbiyəli, savadlı, yaraşıqlı idi…” - FOTOLAR

Türkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələnin azərbaycanlı qurbanı- İnönü Universitetində tibb üzrə uzmanlıq təhsili alan Gündüz Nəzərzadənin ölümü onu tanıyan hər kəsə üzüntü yaşadıb.


Gündüz Azərbaycan Tibb Universitetini bitirəndən sonra təhsilini qardaş ölkədə davam etdirməyə getmişdi.


AzEdu.az xəbər verir ki, Bakıda Gündüz Nəzərzadəyə dərs demiş Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva keçmiş tələbəsinin ölümündən sarsılıb. O da hamı kimi Gündüzün ölümü ilə barışa bilmədiyini deyir.


“Əsrin ağır faciəsi olan Türkiyədə baş verən dəhşətli zəlzələ minlərlə ailənin işığını söndürdü. Böyük türk dünyasının qəlbinə sağalmaz yaralar vurdu. Minlərlə arzular yarımçıq qaldı…. Azərbaycandan təhsil almaq üçün Malatya şəhərinə gedən 4 gəncimiz kimi… Zamanında sevimli tələbəmiz olmuş Gündüzün və onun dostlarının dağıntılar altından sağ salamat çıxması üçün bütün xalqımız kimi, fakultəmizin əməkdaşları da gecə gündüz dualar edirdilər. Hamının sevincli xəbər eşitmək üçün qulağı səsdə idi. Lakin…… amansız əcəl minlərlə həlak olan insanlar kimi, bu nakam gəncləri də öz tərkinə alıb, apardı…. Geriyə yalnız xatirələr və səbr etmək qaldı…



Gündüz Nəzərzadə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin 817 A-4 qrupunun tələbəsi və sonra məzunu oldu... Ağıllı, tərbiyəli, savadlı, intizamlı, yaraşıqlı və çox da mehriban bir tələbə idi. Çox danışmağı sevməzdi dərs zamanı, amma hər dəfə mənalı suallar verərdi. Oxumaq, öyrənmək həvəsi böyük idi. Tələbələrdən soruşanda ki gələcək planınız nədir, Gündüz deyirdi ki, “mən təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Ona görə də çalışıram ki, qiymət ballarım yüksək olsun”.

Gündüz bu arzusuna çatdı, amma nə yazıq ki, gənc azərbaycanlı balasının gələcək digər arzuları yarıda qaldı… Allah sevimli gənclərimizə və cəmi zəlzələ qurbanlarına rəhmət eləsin! Məkanları cənnət, ruhları daim şad olsun! Türk dünyasının başı sağ olsun!”, - A.Bəndəliyeva bildirib.