Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 10:40:00
Xaricdə təhsil alanların diplomlarının tanınma qaydaları - ƏTRAFLI  

Xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlı qaydaları diqqətinizə çatdırırıq.

AzEdu.az-ın məlumatəna görə, qaydalarda ixtisaslar üzrə qiymətləndirmə imtahanları, tələbələrin müvafiq ixtisas üzrə tədrisdə iştirak etməli olduğu müddət, təhsil sənədləri, ali təhsil kvalifikasiyalarının tanınması və s. kimi məsələlərə aydınlıq gətirilir.  

 

Tələbələr bəzi ixtisaslar üzrə DİM tərəfindən həmin ixtisaslar üçün təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak edəcəklər.

 

Səhiyyə və tibb sahələri üzrə ixtisasların qiymətləndirilməsi isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

 

Tələbələr hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə, qiyabi təhsil alırsa, mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idi. Yeni dəyişiklikdə isə bu rəqəmlər yarıya qədər azaldılıb.

 

Qeyd edək ki, xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.

 

Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

 

Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar.

 

Tanınma haqqında şəhadətnamələrin tamamilə elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq. Beləliklə, xüsusi zərurət olmadığı halda vətəndaşların agentliyə gəlmələrinə ehtiyac olmayacaq.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, bununla da xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.