Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 15:56:00
Buraxılış imtahanının nəticəsi ali məktəbə qəbulda nəzərə alına bilər?..

Təhsil ekspertləri arasında belə bir müzakirə var ki, 9-cu sinif üzrə buraxılış imtahanının nəticəsi ali təhsil müəssiələrinə qəbul zamanı nəzərə alınmalıdır. Bu qərarın verilməsi mümkündürmü, tətbiq olunacağı halda mənfi və müsbət cəhətləri nələr ola bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsil müəssiələrinə qəbul imtahanları sadələşməlidir:

 

“İlk növbədə onu qeyd edim ki, hazırda Azərbaycan orta ümumtəhsil müəssisələrində ümumi təhsil bazasının 9-cu sinfini 140 minə yaxın şagird bitirir və keçirilən buraxılış imtahanları məzmun baxımından fərqli bilik və bacarıqları yoxlayır. Təhsilin pillələrinə baxsaq, ümumi təhsil 9 illik, tam orta təhsil isə 11 illikdir. Ali təhsil müəssisələrinə qəbul zamanı 9-cu sinif buraxılış imtahanının nəticələrinin nəzərə alınması doğru deyil. Birincisi ona görə ki, eyni fənlərdən 11-ci sinifdə də bizim abituriyentlər imtahan verirlər. İkincisi isə 9-cu sinifdə bu imtahanı verənlərin sayı 140 minə yaxındırsa, 11-ci sinifdə bu tipli imtahanda iştirakçıların sayı 82-85 min nəfər olur. Təbii ki, şagirdlərin orta ümumtəhsil müəssiələrində təhsil aldıqları müddətdə tədris göstəriciləri qəbul imtahanlarına öz təsirini göstərməlidir. Mən hesab edirəm ki, bir şəxsin 1-ci sinifdən o11-ci sinfə qədər məktəbə getməsi, onun davranışı və şagirdlərə münasibəti müəyyən qədər qiymətləndirilməlidir. Amma biz bilirik ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının məzmunu və standartı buraxılış imtahanından təmamilə fərqlidir. Yeni sosial inkişaf üzrə 2020-2026-cı illəri əhatə edən Dövlət Proqramında 2026-cı ildə ali məktəblərə 75 min abituriyentin qəbul olunması planlaşdırılır. Təbii ki, hazırki imtahan modeli ilə 2026-cı ildə 75 min şəxsin ali məktəbə qəbul olunması mümkün deyil. Əlbəttə, Azərbaycanda keçirilən ali təhsil müəssiələrinə qəbul imtahanları sadələşməli və daha əlçatan olmalıdır”.

 

Ekspert onu da qeyd edib ki, qəbul imtahanlarının suallarında sadəcə 10 və 11-ci sinif dərsliklərindən istifadə olunması daha məqsədəuyğun olar:

 

“Buraxılış imtahanları daha bəsitdir və bu ümumi təhsili bitirmək haqqında sənəd verilməsi üçün keçirilən imtahandır. Şagirdlər bu vasitə ilə 9 illik təhsili bitirəndən sonra kolleclərə qəbul oluna bilirlər. Əlbəttə, 9-cu sinif buraxılış imtahanı həm də qəbul imtahanı sayılır, ancaq universitetlərə yox, kolleclərə. 9-cu sinifdən kollecə qəbul olunmuş şəxslər orta ixtisas təhsilini başa vurduqdan sonra imtahansız universitetə gedə bilirlər. Deməli, məzmun baxımından buraxılış imtahanları ali məktəbə qəbulun bir başlanğıcıdır. Hesab edirəm ki, qəbul imtahanında buraxılış nəticələrinin nəzərə alınması elektron sistem tərəfindən də qarışıqlıq yarada bilər. Biz ali təhsil müəssisələrinə qəbulu sadələşdirmək istəyiriksə, qəbul imtahanlarında yalnız 10-cu və 11-ci sinifin dərsliklərindən sual salmalıyıq”.