Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 12:00:00
Qəbul imtahanında abituriyentə iki cavab kartı verilə bilər? - DİM-dən CAVAB

Ali məktəblərə hazırlaşan hər bir abituriyent şübhəsiz həyəcanla qarşıdakı qaəbul imtahanlarını gözləyir. Ötən yazımızda abituriyentlərin imtahan zamanı etdikləri səhvlərdən və diqqət etməli olduqları məqamlardan söz açmışdıq.
Bu səhvlərdən ən çox ediləni bəzi şagirdlərin həyəcandan və ya diqqətsizlikdən cavab kartında sürüşdürməyə yol verməsidir. Qəbul imtahanında isə hər şagirdə sadəcə bir cavab kartı verilməsi nəzərdə tutulur. Belə olan halda bir çoxu bu səbəbdən problem yaşayır və nəticə onların ballarına təsir edir. Bəs qəbul imtahanlarında abituriyentlərin səhvən sürüşdürmə etdiyi halda ikinci cavab kartı ilə təmin olunması mümkündürmü?

 

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, abituriyentlərə ikinci dəfə cavab kartı verilməsi nəzərdə tutulmur:

 

“İmtahanda iştirakçılara yalnız bir cavab kartı təqdim olunur. Abituriyentlər cavab kartını doldurarkən diqqətli olmalıdırlar. Bu məsuliyyəti hər bir imtahan iştirakçısı hiss etməlidir. Ancaq xatırladım ki, cavab kartını həm qələmlə, həm də karandaşla doldurmağa icazə verilir. Yəni abituriyentlərin mexaniki səhvlərdən yayınmaq imkanları var. Bu barədə hər hansısa dəyişiklik nəzərdə tutulmur”.