Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 11:00:00
Hansı tələbələr zəlzələ bölgəsindən Azərbaycan universitetlərinə köçürülə bilər? - Ekspert ŞƏRHİ

Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyənin zəlzələ bölgəsindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycandakı ali məktəblərə köçürülməsi ilə bağlı açıqlaması oxucularımız tərəfindən maraqla qarşılanıb.

“Bizim yanaşmamız ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi qaydası var.  Bu, subyektiv rəy əsasında, kiminsə fikri ilə tənzimlənmir. Köçürülmə də həmin qaydalara əsasən tənzimlənir. Müvafiq qaydalara görə, tələbə müraciət edirsə, onların meyarları uyğun gəlirsə, belə tələbələri köçürürük”, - Emin Əmrullayev deyib.

Mövzu barədə AzEdu.az-a xeyli müraciətlər daxil olub. Bu da əbəs deyil.

Çünki Türkiyənin təkcə bu bölgəsindəki unuiversitetlərdə 1000-ə yaxın vətəndaşımız təhsil alır. Bütün Türkiyə universitetlərində təhsil alan gənclərimizin sayı isə 30 minə yaxındır. Bu tələbələrin demək olar ki hamısı Elm və Təhsil Nazirliyi xətti ilə deyil, öz təşəbbüsləri ilə, sadəcə attestat təqdim etməklə və ya Türkiyə təhsil sisteminə uyğun imtahan verməklə həmin universitetlərə qəbul olunublar.

Təbii ki, attestatla xaricdəki universitetlərə qəbul olunan gənclərimizin təhsili, təhsil aldıqları ölkələrdəki həyat və məişəti, təhsili başa vurduqdan sonrakı proseduralar haqqında müzakrə olunası çoxlu məsələlər var. Biz respublikamızda ən tanınmış elm və təhsil portalı olaraq bu məsələləri daim diqqət mərkəzində saxlamağa çalışırıq.

Buna görə də Türkiyədəki zəlzələ bölgəsində universitetlərdə təhsil alan və hazırda qeyri-müəyyən vəziyyətdə olan tələbələrlə bağlı məsələni araşdırmaq məqsədi ilə təhsil üzrə ekspertə müraciət etdik.

Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovun bu barədə fikirlərini təqdim edirik. Düşünürük ki, Əlimusa müəllim elm və təhsil nazirinin məsələ barədə dediklərinin şifrələrini açacaq:

“Türkiyədə baş verən zəlzələ Azərbaycanın xarici ölkələrdə təhsil alan çoxsaylı tələbələri ilə bağlı problemləri ortaya çıxarır. Əlbəttə ki zələzələ bölgəsində yerləşən universitetlərdə təhsil alan 1000-ə yaxın tələbə bu və ya digər dərəcədə təhsillərini davam etdirəcəklər. Bu istiqamətdə cənab nazirın yanaşması da elə dövlətimizin yanaşmasıdır. Yəni Elm və Təhsil Nazirliyi artıq bir neçə ildir ki, mövcud olan qaydalara əsasən, tələbələrin köçürülməsini həyata keçirir. Düşünürəm ki, hazırda qüvvədə olan bu qaydalar tələbələrin bir universitetdən digərinə, bir ixtisasdan başqasına köçürülməsində ən mütərəqqi qaydalardır və respublika daxilində özünü doğruldur.

Təbii ki, nazirlik bu qaydaları xaricdə, həm də dövlət xətti ilə deyil, özəl xətlə təhsil almağa gedən tələbələrimizə şamil edilə bilmir. Çünki, tələbələrin köçürülməsi zamanı əsas götürülən kriteriya onların Azərbaycanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edib-etməməsidir. Əgər tələbə imtahanda iştirak edibsə və onun topladığı bal Azərbaycanda yerləşən universitelərə qəbul olunmaq üçün tələb olunan bala uyğun gəlirsə, o zaman həmin tələbə digər universitə köçürülə bilər. Əks halda, köçürülmə həyat keçirilməyəcək. Gəlin diqqət yetirək, Türkiyədə və elə digər ölkələrdə özəl yolla, attestat təqdim edərək təhsil alan tələbələrdən hansı DİM tərəfindən təşkil olunan buraxılış və qəbul imtahanlarında yüksək bal toplayıb? Deməli, cənab nazirimizin dediyindən çıxan nəticə budur ki, Ukraynada təhsil alan tələbələrimiz kimi, Türkiyənin zəlzələ bölgəsində yerləşən universitetlərimizdəki tələbələr də yalnız elə Türkiyədəki digər universitetlərə köçürülmək yolu ilə təhsillərini davam etdirə bilərlər. Onlar həmin universitetlərin yerli tələbələrə tətbiq edəcəkləri qaydalar əsasında təhsillərini davam etdirəcəklər. Düşünürəm ki, bu cür zəlzələdən sağ-salamat çıxmış tələbələrin təhsillərini davam etdirmək sahəsində heç bir problemi olmayacaq. Elm və Təhsil Nazirliyi,  digər dövət strukturlarımız bu məsələdə türkiyəli tərəf müqabilləri ilə birlikdə gənclərimiz üçün ən yaxşı variantı seçəcəklər”.