Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 16:01:00
Sınaq imtahanlarında bunlara diqqət edin! - Abituriyentlərə tövsiyə

Ali təhsil müsəssisələrinə hazırlaşan abituriyentlər üçün hər il mütəmadi olaraq sınaq imatahanları təşkil edilir. Zamanla həyəcanlanma, kodlaşdırmada səhv etmə, sualları düzgün oxuma vacibliyi və bu kimi digər məqamlar abituriyentlər üçün doğmalaşır. Abituriyentlər sınaq imtahanlarında qazandıqları vərdişlər hesabına həm həyəcanın öhdəsindən gəlməyi öyrənir, həm də bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyənləşdirirlər.

 

Bəs sınaq imtahanlarında iştirak etmək istəyən abituriyent hansı məqamlara diqqət etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Təqdimat, Beyin Yatırım Tədris və Sınaq Mərkəzinin təsisçisi Raqif Mərdanov bunları bildirib:

 

“Sınaq imtahanlarının keçirilməsi çox önəmlidir. Bəzən savadlı şagirdlər belə təcrübəsizlikdən kodlaşdırmada sürüşdürmə edirlər. Qəbul imtahanında iştirak edən hər şagirdə sadəcə bir cavab kartı ayrılır, buna görə də onların artıq kodlaşdırılmış cavaba düzəliş etmək imkanları olmur. Bu da onların ballarına təsir edir. Mütləq sual kitabçaları paylananda düzgün variantın olduğu da yoxlanmalıdır. Əgər bir şagird sınaqlara gedirsə, o artıq imtahan zamanı etməli olduğu vacib məqamları bilmiş olur. Abituriyentlər bunun sayəsində həm mövzuları təkrarlamış olur, həm də əməl etməli olduğu imtahan qaydalarına qarşı daha diqqətli olur. Validenylərin də nəticələri izləməsi uşaqlarda daha çox məsuliyyət yaradır”.

 

Təhsil eksperti, Global Theacher Prize beynəlxalq müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyev də sınaq imtahanlarının vacibliyini vurğulayıb:

 

“Bildiyimiz kimi imtahanlar yaxınlaşır və abituriyentlərin həyəcanı daha da artır. Abituriyentlərin nəinki imtahan qabağı, hətta imtahana bir neçə ay qalmış özlərinin zəif və güclü tərəflərini bilmək üçün mütəmadi sınaqlarda iştirak etmələri çox zəruridir. Qeyd etmək istəyirəm ki, abituriyentlər mövzuları nə dərəcədə bildiklərini öyrənmək üçün etibarlı kurslarda özlərini sınamalıdırlar.  
Buraxılış imtahanlarına uyğun formatda tərtib olunmuş sınaq imtahanları keçirən bir çox kurslar var, amma mən deyərdim ki, DİM tərəfindən keçirilən onlayn sınaq imtahanları daha etibarlıdır. Xüsusilə vurğulamaq istərdim ki, abituriyentlər ingilis dilindən daha çox dinləmə və oxu bacarıqlarını inkişaf etdirməyə diqqət etməlidirlər. Çünki qrammatik qaydalar az bir müddətdə mənimsənilə bilir, amma dinləmə və oxu materialları müxtəlif mövzulardan düşdüyündən söz bazasını möhkəmləndirmək lazımdır. Bunun üçün də çoxlu kitablar oxumağı, sinonim və antonimləri daha çox mənimsəmələrini tövsiyə edərdim.  Mən düşünürəm ki, abituriyentlər imtahana sayılı günlər qalsns kimi özlərinin zəif nöqtələrini tapıb daha da təkmilləşdirəcəklər”.