Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 14:37:00
Azərbaycanda mədrəsələr yenidən açıla bilərmi...

Son dövrlər orta məktəblərdə din dərslərinin tədris olunması ilə bağlı məsələ ortaya çıxanda, bəzi şəxslər Azərbaycanda əvvəllər mövcud olmuş mədrəsələrin fəaliyyətini yenidən bərpasına çağırış etdilər.

Bəz mədrəsələr bu gün orta məktəb proqramlarına salınmaq üçün hazırlanan fənləri tədris  edə bilərmi? Yaxud mədrəsələrin fəaliyyəti bərpa olunarsa, əhalinin dini savadı tələb olunan səviyyəyə qalxacaqmı?

Bu və ya digər sualları aydınlaşdırmaq üçün gəlin mədrəsə və oradakı klassik tədris forması barədə məlumatlara müraciət edək:

Mədrəsə - müsəlman ölkələrində ərəbcə və bəzən də farsca orta və ali təhsil verilən müəssisələr olub.  Mədrəsə sözü ərəbcə dərs (درس) mənasında işlənir. Mədrəsələrdə dərs deyənlərə müdərris (professor), onların köməkçilərinə "muid" (asistent) deyirlər. Mədrəsədə oxuyanlar "danışmənd", "sohta" və ya "tələbə" adlandırılır.

VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə İspaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Bünövrəsi VIII-IX əsrlərdə qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam etdi. Mübaliğəsiz demək olar ki, X-XIV əsrlərdə İslam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük universitetlər, rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşirdi, ən güclü alimlər burada çalışırdılar.

Bu dövrdə Azərbaycan şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərirdi. Bu mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, məntiq, kəlam (dini doqmatika), fiqh (islam hüququ), riyaziyyat, kalliqrafiya (xəttatlıq), tarix və əbəbiyyat öyrədilirdi. Müasir ali məktəblərə (universitetlərə) bənzəyən böyük mədrəsələrdə həm də yunan fəlsəfəsi, astrologiya, məntiq, natiqlik elmi, həndəsə, tibb, əlkimiya və bu kimi fənnlər tədris olunurdu. Burada əsasən mülkədarların və ruhanilərin uşaqları oxuyurdular. Şamaxının "Məlhəm" mədrəsəsi məşhur elm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli XII əsrdə yaşamış məşhur Şirvan həkimlərindən və alimlərindən biri Kafiyəddin Ömər ibn Osman rəhbərlik edirdi. Qardaşı oğlu məşhur şair Xaqani Şirvaniyə tibdən və başqa fənlərdən dərs deyirdi. Xaqani Şirvani özünün "Töhfətül-Iraqeyn" poemasında Kafiyəddin Ömər və onun fəaliyyəti haqqında ətraflı məlumat verir.

Gəncədə də mədrəsələr fəaliyyət göstərib. XIX əsrin yarısında Gəncənin mədəni həyatı inkişaf edirdi. Mədrəsə və məktəblərdə şagirdləri klassik şərq ədəbiyatı ilə tanış edirdilər. Lakin nə dini məktəblər nə mədrəsələrin aydın proqramları yox idi. Şah Abbas məscidindən bir qədər aralı olan mədrəsədə 100-dən çox şagird təhsil alırdı. Elmi fikirlərin inkişafında Gəncənin böyük rolu olmuşdur. Rusiyada şərqşünaslığın əsasını qoyanlardan biri M.D.Topçubaşev (1784-1869) bu şəhərdə anadan olmuş və ilk təhsilini bu şəhərdə yerləşən mədrəsədə almışdır.

Bu arayiş Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər fəaliiyyət göstərən klassik mədrəsələr barədədir. Sovet hakimiyyəti zamanı bütün dini məktəblər kimi mədrəsələr də qapadıldı. Onların yerini orta məktəb, texnikum, institutlar tutdu. Sovet hakimiyyəti dağıldıqdan sonra isə  müstəqil Azərbaycan öz təhsil sistemini quraraq dünya təhsil camiəsinə qoşulmağa başladı.
Elə müstəqilliyimizin ilk illərindən başlayaraq artıq fəaliyyət azadlığı qazanmış məscidlərin nəzdində mədrəsələrin təşkilinə başladılar. Amma bu mədrəsələr klassik mədrəsələrdən fərqli olaraq, azyaşlı uşaqlara Quran oxumağı və fars dilini öyrətməyi əsas götürdülər. Burada dərs deyənlər də İranda təhsil almış və İran siyasətini Azərbaycanda yeritmək üçün xüsusi hazırlanmış şəxslər idi. 10 ilə yaxın bir müddətdə fəaliyyət göstərdikdən sonra bu mədrəsələrin uşaqlarımıza hansı istiqamətdə təhsil verdikləri məlum oldu. İranda təhsil alan müdərrislər elə uşaqları da İranın dini mərkəzlərində təhsil almaq üçün hazırlayırdılar. Bir neçə il burada məscidlərin nəzdində ibtidai dini təhsil aldıqdan sonra onlar Qum, Xorasan kimi İrandakı dini məktəblərə göndərilir və orada İran xüsusi xidmət orqanlarının bilavasitə nəzarəti altında ali təhsil almaq işinə girişirdilər.

Sonrası artıq bizim günlərimizə qədər gəlib çıxır. Biz müstəqillikdən sonra yaranan qısa boşluq zamanı mədrəsələrin fəaliyyətinə yaşıl işıq yandırmaqla buraxdığımız səhvlərin acısını hələ də çəkirik. Bu gün İranın ətəyindən qopmaq istəməyən din xadimlərimizi təmizləməklə qurtarmır.

Əslində onları Azərbaycanın təəssübünü çəkən din xadimləri yox, İrana xidmət edən xadimlər  adlandırmaq daha düzgün olardı.

İndi həmin adamlar mədrəsələrin fəaliyyətə başlaması məsələsini ortalığa atmaqla yenidən İrana bağlı qüvvələr  yetişdirmək  istəyirlər. Amma artıq zaman-o zaman deyil. Həm də İran öz iç üzünü yetərincə açıb göstərib. İran mollası məfhumu  artıq bizim üçün mömin, dindar mənasında deyil, ermənipərəst, Azərbaycan və Türk düşməni mənasında işlədilir.

Biz gənclərimizin dini təhsilini   yenidənmi onlara həvalə edək? Əsla!