Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 12:41:00
Məktəblərdə xüsusi dərnəklər yaradılmalıdır - TƏKLİF

Hər il müxtəlif qruplarda fərqli ixtisaslar üzrə xüsusi qabiliyyət imtahanları keçirilir.

 

Bəs abituriyentdən hələ tam olaraq mənimsəmədiyi ixtisasla bağlı imtahan götürmək doğru hesab edilirmi?

 

Mövzu ilə bağlı təlimçi, təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında şagirdlərin bilik və bacarıqlarını müəyyən etmək üçün məktəblərdə xüsusi dərnəklərin yaradılmasının vacibliyini vurğulayıb:

 

"Məktəblərdə əsas fənlərin keçirilməsi ilə yanaşı, digər bacarıqların formalaşması üçün dərnəklər, məktəbdənkənar fəaliyyətlər və sinifdənxaric qruplar formalaşa bilər. Bu idman, incəsənət, musiqi və digər sahələr üzrə ola bilər. Bu qrupların yaradılması imkan verir ki, şagird öz bilik və bacarıqlarını ortaya qoysun. 

Qabiliyyət imtahanları xüsusi bacarıq tələb edir. Bunun səbəbi, şagirdin gələcəyinin həmin bacarıqlar əsasında formalaşmasıdır. Təəssüflə qeyd edə bilərəm ki, ümummtəhsil məktəblərində böyük bir boşluq var. Boşluq ondan ibarədir ki, şagirdlərin ixtisas seçimi və gələcək karyerasını müəyyən etmək üçün məsul şəxs yoxdur. Biz şagirdləri qabiliyyət imtahanına peşəkar səviyyədə hazırlamaq istəyiriksə, onların qabiliyyətlərini üzə çıxarmalıyıq. Əks halda, şagirddən 11 il ərzində formalaşmayan bacarıqlar üzrə imtahan keçirmək doğru olmaz".

 

Ekspert qabiliyyət imtahanı ilə bağlı xarici təcrübədən söz açıb:

 

"Şagirdlərin maraqlarıni 6-cı sinifdən sonra müəyyən etmək mümkün olur. Biz, şagird hansı fəndən zəifdirsə, onun inkişafına çalışırıq. Bu yanaşma doğru hesab edilə bilməz. Xarici təcrübədə şagird nəyi daha yaxşı bacarırsa, həmin bacarıqlar onda inkişaf etdirilir. Bu humanitar, musiqi, dizayner və digər sahələr ola bilər. Uşağın nə isə öyrənməyi onun şəxsi maraqlarından asılıdır. Əsas məsələ şagirdlər arasında maraq və meylin, onlar üçün münbit mühitin yaradılmasıdır".