Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-16 12:53:00
Bu il yüksək nəticə göstərən Qubadlı məktəbində "Bilik günü" keçirildi

Sentyabrın 15-də “Bilik günü” münasibətilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilib.

AzEdu.az xəbər verir ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən rayonun Aşağı Mollu kənd tam orta məktəbində keçirilən bayram tədbiri xüsusilə maraqlı və yaddaqalan olub.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbiri məktəb direktoru Allahverdiyev Allahverən açıq elan edib.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin kollektivini və valideynləri təbrik edib.

İcra başçısı ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirib. O, təhsil sahəsinin bu gün Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Qeyd edilib ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması, habelə yeni məktəb binalarının inşası və təmiri, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Qubadlı rayon məktəblərinin uğurlarından bəhs edən Malik İsaqov bildirib ki, rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Bu il rayon məktəblərini bitirən 457 məzundan 390-ı ali məktəblərə sənəd verib, onlardan 285-i tələbə adını qazanıb. Ali məktəblərə qəbul olan məzunlardan 48 nəfəri 500-600, 27 nəfəri isə 600-700 arası bal toplayıb.

Valideynlər, tələbələr, ictimaiyyət nümayəndələri çıxış edərək bildiriblər ki, bu gün ölkəmizin hər yerində müasir standartlara cavab verən ümumtəhsil məktəbləri tikilir. Bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət edir. Həmçinin natiqlər bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyiblər.

Məktəbdə “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlayıb.