Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 11:51:00
Universitetlərimiz niyə “açıq qapı günləri” keçirmir?

Universitet müəllimlərindən tez-tez istəmədiyi ixtisasa düşən tələbələr haqqında eşidirik. Təbii ki, bu həm  subyektiv, həm də obyektiv faktorlarla bağlıdır. Yəni abituriyent sevdiyi ixtisasa düşmək üçün tələb olunan səviyyədə bal toplaya bilmir və bunun nəticəsində istədiyi ixtisasdan kənarda qalır. Bu qisim abituriyentlər universitetdə dərslərə başlayan kimi ya talelərinə boyun əyib təhsilini sevmədiyi fakültədə davam etdirir, ya da düşdüyü ixtisasdan imtina edib növbəti ilə qədər hazırlaşmağı üstün tutur. Bəziləri isə Elm və Təhsil Nazirliyinin yaratdığı imkandan yararlanıb, ikinci kursdan sonra ixtisasını dəyişmək üçün müraciət  edir. Amma belə tələbələrin bir çoxu bu və ya digər ixtisaslar haqqında məlumatsız olduqlarına görə istədikləri fakültəni seçə bilmirlər. Yəni abituriyent ən nüfuzlu ixtisasa düşə biləcək səviyyədə bal  toplayır və ixtisas seçimi edir. Amma dərsə başlayanda görür ki, bu ixtisas heç də onun sevdiyi, bütün həyatını həsr etməyə hazır olduğu ixtisas deyil. Belə olan halda da tələbə dərslərə ciddi yanaşmır, könülsüz təhsil alır və oxuduğu  ixtisasa ogey münasibət bəsləyir. Belə tələbədən nəticədə heç savadlı mütəxəssis də alınmır.


Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb:


- Həqiqətən sevmədiyi ixtisasda təhsil alan tələbələrlə tədris prosesində mütəmadi rastlaşırıq. Bu tələbələrin dərslərə ögey münasibətinin də dəfələrlə şahidi olmuşuq. Qeyd etməliyəm ki, belə tələbələrin sonradan öz qismətləri ilə razılaşıb təhsillərini normal qaydada davam etdirməsi halları çox az olur. Onların əksəriyyəti elə sevməyərək də təhsillərini başa vururlar. Ya da təhsillərini yarımçıq saxlayaraq, başqa ixtisaslara transfer olunurlar. Düşünürəm ki, valideynlər bu məsələdə açar rol oynamalıdırlar. Onlar universitetə hazırlaşan uşaqlarına müxtəlif ixtisaslar barədə ətraflı məlumat verilməsini təmin etməlidirlər. Sonra isə universitetlər yükün müəyyən hissəsini öz üzərlərinə götürməlidir. Təhsil müəssisəsi tədris etdiyi ixtisaslar barədə orta məktəblərin sonuncu sinif şagirdlərinə geniş məlumat verməli, bu və ya digər ixtisasın özəlliklərini açıb göstərməlidir. Yaxud universitetə qəbul olunmaq istəyənlər üçün açıq qapı günlərinin keçirilməsi təşkil olunmalı, rayon məktəblərinə səyyar təbliğat qrupları göndərilməlidir. Düşünürəm ki, bu həm də universitetlərə cəlbetməni daha da artırar.

İstənilən halda təhsil elə bir sahədir onunla təkcə dövlət orqanlarının məşğul olması yetərli deyil. Bu məsələdə cəmiyyət, ictimai təşkilatlar, dövlət orqanları birləşməli və gənclərimizi düzgün istiqamətə yönəltməlidirlər.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Rusiya, Qazaxısatan, Belarusda abituriyentlər üçün “açıq qapı günləri”nin keçirilməsi çoxdan tətbiq olunur. Bizim universitetlərdə niyə olmasın?