Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 11:26:00
Hansı yaşda ali təhsil almaq yaxşıdır? - Ekspertdən AÇIQLAMA

Gənclərimizin əksəriyyəti məktəbi bitirən kimi universitetə qəbul olunmağa, bakalavr pilləsinin ardınca isə magistrant olmağa tələsir. Lakin xaricdə belə deyil. Hətta bir çox ölkələrdə məktəbi bitirəndən sonra gənclər öz şəxsi inkişafına vaxt ayırır, bəziləri işləyir və daha sonra çalışdıqları ixtisas üzrə seçim edib, universitetə daxil olurlar. Bizdə ortalama 23 yaşındakı gənc artıq magistr olur, xaricdə isə daha gec yaşlarda təhsilin bu pilləsinə yiyələnirlər.

 

Təhsil sahəsindən yazan jurnalist Niyazi Şərifsoy mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, magistraturaya qəbulda yaş faktoru elə də əhəmiyyətli rol oynamır:

 

“Öncəliklə, onu qeyd etmək istəyirəm ki, təhsilin yaşı yoxdur. Hər bir insan istənilən vaxt istənilən ali təhsil pilləsi üzrə oxuya bilər. Bizim ölkədəki vəziyyətə gəldikdə isə cəmiyyətimizdə bir fikir formalaşıb ki, əgər kimsə universitet təhsili almaq istəyirsə, orta məktəbi bitirən kimi ali məktəbə,  daha sonra isə magistr pilləsinə daxil olmalıdır. Statistikaya baxanda magistr təhsili alanların əksəriyyəti 21-24 yaş aralığındadır. Bu düşüncə gələcəkdə təhsil almaq istəyənlərdə də ruh düşkünlüyü yaradır. Bəzi tələbələr bu pillələr arasında il fərqi yarananda artıq təhsilini davam etdirmək istəmir. Düşünürəm ki, bu təmamilə yanlış yanaşmadır. Magistraturaya qəbulda yaş faktoru elə də təsirli deyil. Hansı yaş aralığında olmasına baxmayaraq, hər kəs təhsil ala bilər”.