Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 11:11:00
Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edilib. Bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini göstərməkdir.

 

AzEdu.az Birləşmiş Millətlər Təşkilatının (BMT) saytına istinadla xəbər verir ki, bu əlamətdar gün 2023-cü ildə “Yenilik etmək, nümayiş etmək, ucalmaq: cəmiyyəti davamlı və ədalətli inkişaf üçün irəli çəkmək” mövzusuna həsr olunub.

 

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü UNESCO və BMT tərəfindən qadın və qızları elmə təşviq etmək məqsədi daşıyan institutlar və vətəndaş cəmiyyəti tərəfdaşları tərəfindən həyata keçirilir. Bu gün qadın və qızların elmdə iştirakını təşviq etmək üçün bir fürsətdir.

 

BMT-nin Baş katibi Antonio Quterreş bu əlamətdar gün münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, elmdə daha çox qadın və qızın olması elmin daha çox inkişafı deməkdir. Qadınlar və qızlar tədqiqatlara müxtəliflik gətirir, elm sahəsində mütəxəssis toplusunu genişləndirir. Onlar elm və texnologiyaya yeni perspektivlər təqdim edərək hamıya fayda gətirir. Dünyanın bir çox yerində qadınların və qızların təhsilə çıxışı məhduddur, yaxud onların qarşısı tamamilə alınır.

 

Müraciətdə vurğulanıb ki, qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə işçi qüvvəsinin üçdəbirini təşkil edir, qabaqcıl sahələrdə isə daha azdır. Süni intellekt üzərində çalışan hər beş mütəxəssisdən yalnız biri qadındır.

 

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır. Qlobal göstəricilərə nəzər salsaq, dünyada qadın tədqiqatçıların orta göstəricisi 33,3 faiz təşkil edir. Elm və riyaziyyat sahəsində qız və oğlanlar arasında gender bərabərsizliyi müşahidə olunur. Təəssüf ki, hələ də qızların təhsil və karyera inkişafı baxımından məhdud seçimləri var. Süni intellekt kimi qabaqcıl sahələrdə hər beş mütəxəssisdən yalnız biri qadındır, bu da ümumi göstəricilərin 22 faizini təşkil edir.

 

Son illərdə elmin inkişafına baxmayaraq bu günə qədər yalnız 22 qadın elm sahəsində Nobel mükafatına layiq görülüb.

 

Bu gün Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir - 100 faizə yaxındır. Burada qadınlarımızın və qızlarımızın payına düşən rəqəmlər də ürəkaçandır.

 

Ölkəmizdə təhsilin inkişafına, onun müasir tələblərə cavab verməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Hər kəsin bundan bərabər şəkildə faydalanması və ölkəmizə layiqli bir vətəndaş kimi yetişməsi üçün imkanlar yaradılır. Qadınların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaq ölümünün azalması deməkdir. Hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur. Son illərdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Artıq Azərbaycan qadını idarəedici və qərarqəbuledici instansiyalarda da təmsil olunur.

 

Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qadınlardır. Azərbaycanda isə bu rəqəm 40 faiz təşkil edir və bu da orta dünya göstəricisindən yüksəkdir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatına əsasən, Azərbaycanda magistrantların 54, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 faizini, həmçinin elmi tədqiqatçıların 56 faizini qadınlar təşkil edir. Beləliklə, ölkəmizdə bu göstərici 40 faiz olaraq müəyyənləşib. Ali təhsil müəssisələrində çalışanların 55,74 faizi, orta ixtisas müəssisələrində 80,75 faizi, peşə təhsili müəssisələrində 60,78 faizi məhz qadınlardır. Ali təhsil müəssisələrində bakalavr dərəcəsində təhsil alanların arasında da qadınlar üstünlük (51,08 faiz) təşkil edir.