Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 12:49:00
Ölkəmizdə ingilis dilinin tədrisi hansı səviyyədədir? – EKSPERTDƏN CAVAB

 

Günümüzdə xarici dil bilmək istər bir peşəkar kimi fərdi inkişafımızda, istərsə də iş axtararkən vacib meyar götürülür.

 

Bəs məktəblərdə xarici dilin tədrisi nə səviyyədədir? 11 il məktəbdə tədris alan şagirdlər bu dildə səlis danışmağı bacarırmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, təhsil  eksperti  Elçin  Süleymanov hər il ingilis dilinin tədrisində müəyyən inkişaf olduğunu deyib:

 

 

“Xarici dil bilmək cəmiyyətdə həqiqətən çox böyük əhəmiyyət kəsb edir. Dünya qloballaşıb. Ona görə də dünyanın aparıcı dili olan ingilis dili az qala bütün proseslərdə qarşımıza çıxır və biliyin, informasiyanın ötürülməsində əhəmiyyətli rol oynayır. Orta məktəblərdə ingilis dilinin tədrisi ilə bağlı kifayət qədər müsbət işlər görülür. Sovet dövründə ingilis dili həm dərslik, həm tədris olaraq çox yetərsiz idi. Dərslər zamanı müəllimlər yalnız qrammatikaya köklənirdi.

 

Müasir ingilis dili tədrisində danışıq bacarıqlarının inkişafı, qrammatika, fikirləri ifadə etmə, oxuma, yazma bacarıqlarının inkişafı paralel olaraq aparılır. Dərsliklər də buna uyğunlaşdırılıb. İndi ingilis dilinin tədrisi on beş, iyirmi ilə nisbətən daha yaxşıdır. Amma ola bilsin ki, orta məktəblərin infrastrukturu, onlayn texnologiyalardan istifadə bacarığı, arasında fərqliliklər var. Hazırda xarici dili bir çox internet resurslarında öyrənmək mümkündür. Şagirdlər paralel olaraq bunlardan istifadə etməklə dil bacarıqlarını inkişaf etdirə bilər. Xüsusən, “youtube” vasitəsilə ingilis dilinin əyləncəli şəkildə öyrənilməsində kifayət qədər resurslar var”.

 

Ekspert məktəblərdə ingilis dili tədrisinin keyfiyyətinin müəllimlərin iş metodikasından asılı olduğunu da qeyd edib:

 

“Qəbul və buraxılış imtahanlarında bütün dil bacarıqlarını öyrədən sistem tədbiq olunur. Dinləmə, oxuyub anlama, yazma və s. tədrisdə buna uyğunlaşdırılır. Burada əsas iş müəllimlərin üzərinə düşür. Onlar pedaqoji fəaliyyətlərini müasirləşdirməli və multimedia avadanlıqlarından istifadə etməyi bacarmalıdırlar. Dərsləri şagirdlər üçün əyləncəli etməlidirlər ki, dil bacarıqlarının mənimsənilməsində faydalı olsun. Təhsil verənlərin yetərsizliyi, metodikasında əskikliklərdən müəyyən problemlər yarana bilər. Amma ümumi olaraq Azərbaycanda ingilis dili tədrisi hər il yaxşılaşır”- deyə, o fikirlərini tamamlayıb.