Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 16:18:00
Tələbələr universiteti yalnız diplom almaq üçün oxuyur-EKSPERTDƏN TƏNQİD

 

Hazırda əmək bazarında xarici universitet məzunlarına daha çox önəm verilməsi barədə məzunlar və ekspertlər arasında tez-tez şikayətlər eşidilir.

 

 

Bəs əmək bazarında xarici universitet məzunlarına daha çox önəm verilməsinin səbəbi nədir? Xarici universitet məzunlarını bizim məzunlardan fərqləndirən cəhətlər varmı?

 

 

Mövzu ilə bağlı təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında bizim ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin o qədər də yüksək olmadığını bildirib:

 

 

“Xarici ölkə universitetlərində tələbələr öz üzərində xüsusi olaraq çalışırlar. Tələbə ilk öncə təhsil aldığı ölkədə təhsilin səviyyəsini və təhsil aldığı universitetin səviyyəsini müəyyən etməlidir. Təhsil müəssisəsi dedikdə müəllim və professor heyəti nəzərdə tutulur. Xarici universitetlərdə təhsil alan tələbələr əmək məhsuldarlığı, tətbiqi bilik və bacarıqları ilə bizim tələbələrdən fərqlənir.

 

Üstəlik xarici universitet tələbələri çox tələbkar və çalışqan olur. Son illərdə xarici universitetlərdən məzun olan tələbələrin ölkəyə işləməyə gəlməkdən imtinalarının şahidi oluruq. Bunun əsas səbəbi xarici ölkələrdə onlara daha yüksək əmək haqqı ilə iş imkanları yaradılmasıdır”.

 

 

S.Purkeştasib bizim tələbələrin yalnız diplom üçün təhsil aldıqlarını da xüsusi qeyd edib:

 

 

“Xaricdə təhsil alan tələbələr ictimai fəaliyyətlərinin daha geniş olması, liderlik bacarıqları və gələcəkdə çalışmaq istədikləri sahəyə daha ciddi yanaşmaları ilə fərqlənirlər. Bizdə isə bunun əksi müşahidə olunur, tələbələr universiteti yalnız diplom almaq üçün oxuyurlar. Bizim ali təhsil müəssisələrində təhsil keyfiyyəti o qədər də yüksək səviyyədə deyil. Təbii ki, bunu bütün universitetlərə aid edə bilmərik. Ölkədə həqiqiətən peşəkar kadr hazırlayan universitetlər də var. Alim-professor heyətinin yaşlı təbəqədən ibarət olması tələbələrin oxuma səviyyəsinin azalmasına stimul verir. Fikrimcə, təhsil müəssisələrində kadrlar yenilənməli, universitetlərdə daha gənc kadrlara yol açılmalıdır”.

 

Ekspert son olaraq müəllimlərin təhsilə daha ciddi yanaşaraq tələbələr arasında təhsilə maraq yaratmalı olduqlarının vacibliyini qeyd edib.