Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 15:52:00
Repetitor seçimində hansı xüsusiyyətlərə diqqət yetirilməlidir?

Orta məktəbdə övladı təhsil alan valideyni düşündürən ən ciddi məsələlərdən biri uşaqlarına məktəbdənkənar dərs demək üçün repetitor seçimidir. Uşağın neçənci sinifdə oxumasından asılı olmayaraq, bu bütün valideynləri düşündürən əsas problemlərdəndir.

 

Məsələ ilə bağlı AzEdu.az-a təhsil eksperti Əlimusa İbrahimov fikirlərini bölüşüb: 

 

"10-15 il əvvəl valideynlər yalnız universitetə qəbul olmaqla bağlı repetitorların xidmətindən istifadə edirdilər. İndi isə bu proses orta məktəbin aşağı siniflərində oxuyan azyaşlı uşaqların hazırlaşdırılmasına qədər uzanıb. Bəs problemdən çıxış yolları nədir? Repetitor seçimi zamanı hansı xüsusiyyətlərə diqqət yetirmək lazımdır ki, sonra yenidən müəllim axtarışında olmayasan? Bununla əlaqədar bir neçə ekspertlə keçirilən sorğunun nəticələrini sıralasaq təxminən aşağıdakı mənzərə alınar:

 

1. Repetitorun təcrübəli və savadlı olduğunu sübut edən ilk əlamət onun yanına təhsil almağa gedənlərin çox olmasıdır. Başqa sözlə, özəl tədrislə məşğul olan müəllimin şagirdlərinin çoxluğu onun təcrübəli olduğuna dəlalət edir. Amma bu zaman da unutmaq olmaz ki, onun hazırlaşdırdığı qrupdakı uşaqların sayının 10 nəfərdən artıq olması istər-istəməz öyrədilən dərsin keyfiyyətinə mənfi təsir edəcək. Valideynlər repetitorla müqavilə bağlayarkən qrupda 10 nəfərdən artıq uşağın olmamasını tələb etməlidirlər.

2. Repetitora müraciət etməzdən əvvəl onun haqqında kənardan qısa arayış əldə etmək lazımdır. Hər il onun hazırladığı uşaqlardan universitetlərə qəbul olunma faizi nə qədərdir?

3. Repetitorun təhsilinin səviyyəsinə və müəllimlik təcrübəsinin olmasına diqqət yetirmək lazımdır. İndi heç bir ixtisası olmayan, sadəcə müəyyən kurs bitirdikdən sonra repetitorluqla məşğul olanların da sayı yetərincədir. Təbii ki, bu şəxslərin ciddi repetitor olmasından söhbət gedə bilməz.

4. Əgər universitetə qəbulla bağlı repetitora ehtiyacınız varsa, çalışın seçəcəyiniz müəllim orta məktəbdə dərs desin, yaxud bu sahədə müəyyən təcrübəyə yiyələnmiş olsun. Orta məktəb müəllimi qəbul imtahanları barədə daha geniş məlumata malik olur, nəinki digər təhsil ocaqlarında çalışanlar. Magistratura, doktorantura və dövlət qulluğu ilə bağlı məsələlərdə isə unuversitet müəllimlərinin xidmətindən istifadə daha məqsədəuyğundur.

5. Repetitorla ilk görüşə gedərkən özünüzlə mütləq təhsil sahəsində çalışan adam aparın. Çünki o, bu sahədə müəyyən məlumatlara malik olur. Üstəlik, heç vaxt ilkin danışığlara repetirora həvalə edəcəyiniz uşağınızla birlikdə getməyiniz məsləhət deyil.

Qeyd etdiyimiz məsləhətlər təbii ki, repetitor seçimində nəzərəçarpan xüsusiyyətlərdir. Amma hansı repetitoru seçmək lazım olduğunu valideyndən yaxşı bilən olmaz. Eyni zamanda, uşağın da xarakterinə bələd olmaq lazımdır ki, bunu ən yaxşı bilən də əlbəttə valideyndir".