Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 13:26:00
Ali təhsil müəssisələri yenilənməli və gəncləşməlidir-RƏY

Ölkəmizdə gənc kadrlara tələb və üstünlük yüksəkdir. Bəzən isə təcrübə azlığı səbəbindən gənclərimiz gözləntiləri doğrultmur. Hazırda, bir çox təhsil ocaqlarımızda bu vəziyyət müşahidə olunur. Bəzi universitetlərdə ən gənc dekanlar və ya kafedra müdirləri fəaliyyət göstərir. Bu məsələdə təhsil sahəsi sanki yarış meydançasını xatırladır. Gənclər üçün yaradılan bu təhsil və iş imkanlarının onlar tərəfindən neqativ məqsədli istifadə isə yolverilməzdir.

 

AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, bu sahə üzrə orta yaşlı və ya yaşlı nəslin nümayəndələrinə üstünlük verilməsi daha məqsədəuyğun olar:

 

“Bu vəzifələrə təyinatda namizədlər üçün kifayət qədər ciddi tələblər var. Normativ sənədlərdən irəli gələn tələblərdən əlavə şəxsi keyfiyyətlər də nəzərə alınmalıdır. Bu vəzifədə kifayət qədər təcrübəli, təmkinli və idarəetmə bacarığı olan bir şəxs işləyə bilər. Bəzən təhsil ocaqlarının təmsilçiləri sosial şəbəkələrdə paylaşımlar edərək öz universitetlərində gənc dekan və ya dekan müavininin işlədiyini reklam edirlər. Məsələ burasındadır ki, bu gənc adam bütövlükdə o komandanı idarə edə biləcəkmi? Sadəcə gəncdir deyə birinin əsas tələblərə cavab vermədən vəzifə tutması yolverilməzdir. Təəssüflə qeyd edirəm ki, universitetlərimiz dünya reytinqindəki yerlərindən narahat olacaqları bir vaxtda, gənc dekanlarının olması ilə fəxr edirlər.

 

Eyni zamanda, təhsil müəssisələri yenilənməli və gəncləşməlidir. Təbii ki, bu proses normalar çərçivəsində getməlidir. Mən gənclərin irəli çəkilməsinin tərəfdarıyam, amma, fikrimcə, sözügedən vəzifələrdə üstünlük daha təcrübəli, idarəetmə bacarığı olan, ən azından orta yaşın nümayəndələrinə verilməlidir. Əgər bir gəncimizin təhsilli, savadlı, perspektivli və konkret nəticə göstəriciləri varsa, əlbəttə, onu irəli çəkmək lazımdır. Ancaq hər şeyin bir həddi və dərəcəsi var.  Etiraf etmək lazımdır ki, son illərdə gənclərin ifrat dərəcədə və ya qeyri-obyektiv irəli çəkilməsinin də mənfi nəticələrini görürük”.

 

Məsələnin hüquqi tərəfini isə vəkil Turan Abdullazadədən öyrəndik:

 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən, ali təhsil müəssisələrində adıçəkilən vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Həmin qaydaların 1.6.2-ci maddəsinə əsasən, dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 (beş) il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Həmin qaydaların 1.7-ci bəndinə əsasən, kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunmalıdır. Dekan müavini isə, fakültənin profilinə uyğun baza təhsilli, ən azı 3 il elmi-pedaqoji təcrübəsi olan mütəxəssislər arasından fakültə dekanının təqdimatı əsasında ali təhsil müəssisəsinin rektoru tərəfindən təyin edilir”.