Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 13:48:00
İmtahan öncəsi hər bir abituriyentin bilməli olduğu vacib məqamlar

Həyatımızın hər bir mərhələsində şəxsiyyət və mütəxəssis kimi təşəkkül tapmaq üçün müxtəlif sınaqlardan keçirik. Bu sınaqları biz asan, çətin kimi qiymətləndiririk, bəzilərini isə keçilməz, lakin inkişafımız və yüksəlişimiz üçün zəruri sayırıq. Hazırda abituriyentlərin buraxılış imtahanı yaxınlaşdığı üçün, onlar arasında gərginlik, stress müşahidə olunur.

 

Ali təhsil müəssisəsinə qəbul olunmağı qarşısına məqsəd qoyan abituriyent nəyi bilməlidir? İmtahan zamanı abituriyentlər ən çox hansı səhvlərə yol verirlər? Onlar ən çox hansı məsələlərə diqqət etməlidir?

 

AzEdu.az imtahan öncəsi təhsil ekspertlərinin abituriyentlər üçün vacib tövsiyyələrini təqdim edir:

 

Mövzu ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlu AzEdu.az-a açıqlamasında DİM tərəfindən tərtib edilən testlərin abituriyentlər üçün çətinlik yaratdığını bildirdi:

 

"Testlər çətin və çaşdırıcı tərtib edilir, bu da abituriyentlər üçün çətinlik yaradır. Variantlar oxşar və çaşdırıcı olur. Lakin imtahan suallarının Dövlət İmtahan Mərkəzi tərəfindən daha sadə formada tərtib edilməsi daha ürəkaçan olardı. Buraxılış imtahanlarının önə çəkilməsinin sevindirici bir hal olduğunu düşünürəm. Ard-arda iki imtahan abituriyentlər üçün yorucu idi.

 

Abituriyentlər imtahandan sonrakı mərhələyə təhsilin növbəti pilləsi kimi baxmalıdır. Valideynlərə bu dönəmdə daha diqqətli olmalarını tövsiyyə edirəm. İmtahan öncəsi valideynlərin övladlarına psixoloji təzyiq göstərdiklərinin şahidi oluruq ki, bu da abituriyentlər arasında intihar hallarının artmasına gətirib çıxarır. Abituriyent öz bilik və bacarıqlarına güvənməlidir. Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən testlər əzbərçilik tələb edən testlərdir, daha çox praktik xarakter daşıyan testlərin tərtib edilməsinin doğru olacağını düşünürəm".

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov isə AzEdu.az-a açıqlamasında abituriyentlərin daha çox situasiya tipli suallarda çətinlik çəkdiyini bildiridi:

 

"IX və XI sinif buraxılış imtahanlarında müxtəlif növ test tapşırıqları abituriyentlərə təqdim olunur. Xüsusi olaraq qeyd edə bilərəm ki, abituriyentlər daha çox situasiya tipli suallarda ciddi səhvlərə yol verir. Biz bunu statistikaya nəzər yetirdikdə açıq şəkildə görə bilirik. İkinci məsələ odur ki, abituriyentlər seçim tələb edən suallarda səhv edir. Abituriyentdən iki və yaxud üç cavab tələb edildiyi halda, abituriyent cavabın yalnız birini seçir, bu da düzgün cavab kimi qəbul oluna bilməz.

 

İmtahanın olduqca ciddi bir proses olduğunu qeyd edə bilərəm. Abituriyentlərə açıq və situasiya tipli suallarda daha diqqətli olmağı məsləhət görürəm. Abituriyentlərin digər səhvi onlar sualın cavabını cavab kartına köçürən zaman baş verə bilir. Belə ki, onlar cavabları düzgün köçürmürlər. Bu da cəmiyyət arasında "sürüşdürmə" adlandırılır. Abituriyentlər texniki məsələlərdə daha diqqətli olmalıdır".

 

Ekspert imtahan öncəsi valideynlərin diqqət etməli olduğu məsələlərə toxunub:

 

"İmtahanqabağı stress, qayğılar, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemdir. Bu hallar abituriyentlərin imtahanda göstərdiyi nəticəyə mənfi təsirsiz ötüşmür. Valideynlərə məsləhət görürəm ki, imtahandan dərhal sonra abituriyentin yığdığı balı hesablamaq, onu az nəticəsinə görə məzəmmət etmək yerinə, ona dəstək vermək, dincəlməsinə kömək etmək lazımdır. Gələcəklə bağlı bədbin düşünmək insanın xarakterinin daha da tündləşməsinə səbəb olur. Başqalarının yanında onu nə çox tərifləyin, nə də tənqid edin. Nəticədən asılı olmayaraq valideyn olduğunuzu unutmayın. Sizin vəzifəniz ona yol göstərmək, sakit və ağıllı davranmaqdır".

 

K.Əsədov bildirib ki, abituriyent imtahanqabağı daha sərbəst olmalı, gəzintiyə çıxmalı, beynini sakitləşdirməlidir:

 

"Abituriyent normal yuxu yatmalıdır. İmtahandan qabaq axşam yatmazdan öncə müxtəlif sakitləşdirici otlardan, yaxud valerian dəmləyib içsə, həm rahat yatar, həm də həyəcanı azalar. Çünki rahat yuxu belə çox vacibdir. Rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda abituriyentin toparlanmasını - konsentrasiya olmanı asanlaşdırır. Yediyiniz qidalar diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edir. Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdır ki, abituriyent də biliyini mərkəzləşdirə bilsin".