Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 12:04:00
Bu iki fənn bütün ixtisas qruplarına əlavə edilə bilər 

Mütəmadi olaraq, təhsil ekspertləri arasında bütün ixtisas qrupu (I-V) fənnlərin sırasına Azərbaycan tarixi və İnformatika fənnlərinin əlavə olunması ilə bağlı müzakirələr aparılır.

 

Fənn bloklarına aid fənlər həmin blokdakı ixtisasların tələbatını nə dərəcədə ödəyir? Eləcə də hər fənn blokuna aid 5 fənn yüzdən çox ixtisasın tələbatını ödəyə bilirmi? İxtisas qrupu fənlərinin artırılması vacib hesab olunurmu? 

 

Mövzu ilə bağlı tanınmış tarixçi-alim Boran Əziz AzEdu.az-a açıqlamasında adıçəkilən fənnlərin ixtisas qrupuna əlavə olunmasının abituriyentlər üçün əlavə çətinliklər yaradacağını vurğulayıb:

 

"İnsanlara tarixən ölkənin hansı çətinliklər, qurbanlar hesabına yarandığını göstərmək üçün əlbəttə ki, bunun əhəmiyyəti var. Tarix fənni gənclərin vətənpərvər ruhda böyüməsi üçün çox vacibdir. Buna görə də bu fənn düzgün şəkildə öyrədilməlidir. Azərbaycan tarixinin istər orta məktəblərdə, istər ali təhsil müəssisələrində düzgün tədrisinə böyük ehtiyac vardır. Təəssüflə qeyd edə bilərik ki, bu fənnin bəzi konsepsiyaları müstəqil dövrün tələblərinə uyğun gəlmir və onun yenidən işlənməsinə ciddi ehtiyac var. Qırx illik təcrübəmə əsasən qeyd edə bilərəm ki, qeyri-tarix və qeyri-humanitar fakültələrdə Azərbaycan tarixi bilgisi ilə bağlı anlayışlar o qədər də ürəkaçan deyil. Onların daha yaxşı öyrənilməsinə ciddi ehtiyac var".

 

Tarixçi alim ali məktəblərə qəbul prosesində Azərbaycan tarixi və İnformatika fənninin bütün ixtisas qruplarına əlavə edilməsindənsə, onların tədrisinin genişləndirilməsini vacib hesab edir:



"Tarix fənninin ali məktəblərə qəbul üçün istifadə edilməsi o qədər də effektiv olmaz, ali təhsil müəssisələrinə qəbul olunduqdan sonra bütün tələbələrə Azərbaycan tarixi fənni tədris olunur və imtahan keçirilir. Təəssüflə deyə bilərik ki, Azərbaycan tarixi fənninin tədris saatı hər il azaldılaraq, proqramın çatdırılmasının mümkünsüz bir halına gətirilib. Fənnin qəbul imtahanına əlavə olunması yerinə, onun ali təhsil müəssisələrində düzgün tədris olunması daha doğru addım sayılar. Fənn bütün ixtisas qruplarına əlavə edilərsə, abituriyyentlər üçün əlavə çətinlik yaradacaq. Azərbaycan tarixi fənninin II və III ixtisas qruplarında istifadə olunması daha məqsədəuyğun hesab edilir".