Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 14:50:00
Zəlzələ anında və zəlzələdən sonra necə davranmalıyıq?

 

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələlər həm Türkiyə xalqının ağrı-acısı kimi, həm də regional yaxınlıq baxımından ölkəmizin əhalisində ciddi təlaşlanmalar yaradır. Belə təbii fəlakətlərin nə zaman baş verəcəyisə heç zaman bəlli olmur. Ona görə də fövqəladə vəziyyətlərə daima hazırlıqlı olmalıyıq.

 

 

AzEdu.az mövzunun aktuallığını nəzərə alaraq, xüsusilə təhsil ocaqlarımızın müəllim və tələbə kontingentini maarifləndirmək məqsədilə zəlzələ baş verən zaman vacib olan davranış qaydalarını ictimailəşdirir:

 

Zəlzələ zamanı məktəbdə olduqda, ən əhəmiyyətlisi sakit olmalı, çaxnaşmaya düşməməliyik. Pəncərələrdən uzaq dayanmalı, dağılmayacağına əmin olduğumuz bir sıranın altına girməlisiniz. Əllərinizi başınızın üstünə birləşdirərək başınızı dirsəklərinizin arasına almalısız ki, başınızı mümkün zərbələrdən qoruya biləsiniz.

 

Zəlzələ anında məktəb bağçasında olarıqsa, bu zaman məktəb binasından uzaq dayanmalı, divarlara yaxınlaşmamalıyıq. Təhlükəsiz, açıq bir sahəyə gedərək yerə uzanmalı və dizlərimizin üzərinə əyilməliyik.

 

Zəlzələ zamanı evdə olarıqsa, möhkəmliyinə inandığımız bir masanın altına girməliyik. Sarsıntı anında binadan çıxmağa və ya binaya girməyə çalışmamalıyıq. Pəncərələrdən, sobalardan və asan aşa biləcək əşyalardan uzaq dayanmalıyıq. Lifti istifadə etməməli, nərdivanlardan qaçmalıyıq. Sarsıntı keçdikdən sonra binadan uzaqlaşmalıyıq.

 

Zəlzələ zamanı çöldə olarıqsa, binalardan, yığıntılardan və şüşələrdən uzaq dayanmalıyıq. Elektrik dirək və tellərindən uzaqda, etibarlı bir yerdə sarsıntının dayanmasını gözləməliyik. Körpü, üst keçid və tunellərdən uzaq dayanmalıyıq. Binalara kibrit, alışqan, şam, qaz lampası və s. vasitələrlə yaxınlaşmamalıyıq. Binalarda, xüsusilə dağıntılardan sonra qaz sızıntısı ola biləcəyini unutmamalıyıq.

 

Dağıntının mərkəzində, bilavasitə altında olarıqsa, sakit dayanmalı, çaxnaşmaya düşməməliyik. Yaralı olub-olmadığımızı nəzarət etməliyik. Tərpənəcək bir vəziyyətdə olsaq və çıxış yolu varsa, bu zaman dayanmadan hərəkət etməliyik. Yoxsa vəziyyətimizi pozmamalı və qurtarma qruplarının gəlməsini gözləməliyik. Bayırdan bir səs eşidəndə qışqırmalıyıq. Müxtəlif cisimlərə toxunaraq olduğumuz yeri müəyyən etməyə çalışmalıyıq.

 

Zəlzələdən sonra:

 

Əvvəlcə öz təhlükəsizliyimizdən əmin olmalı, ardınca ətrafda köməyə ehtiyacı olan varmı deyə yoxlamalıyıq. Zəlzələdən sonra baş verən yanğınlar ikinci dərəcəli fəlakətdir. Buna görə də, evdə qaz sızıntısının olub-olmadığını yoxlamalıyıq. Qaz iyi hiss olunursa dərhal qapı-pəncərələri açmalı və evdən uzaqlaşmalıyıq. Zəlzələdən sonra radio, televiziya kimi kütləvi informasiya vasitələrində ediləcək xəbərdarlıqlara qulaq asmalıyıq. Hər güclü zəlzələdən sonra davamlı təkanlar müşahidə olunur. Bu səbəbdən, yeraltı təkanlar bitənə qədər zədələnmiş binalara daxil olunmamalıdır.