Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 16:20:00
“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

Bu gün yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə “Bilik” günü qeyd  olunur. Təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

İlk dərs günü məktəbə yeni gedəcək şagirdlər üçün bir qədər həyəcanlı keçsə də, adətən bu gün şablon ssenarilərlə qeyd olunur.

AzEdu.az  “Bilik günü”nün fərqli şəkildə necə keçirilməsi, nə kimi yeniliklərin vacibliyi ilə bağlı millət vəkillərinin fikrini öyrənib:

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, “Bilik” gününün keçirilməsi artıq ənənə halını alıb:

“Məncə hər məktəbli bugünü həyəcanla gözləyir, ciddi hazırlaşır. Böyük kütləni əhatə edir. Bilmirəm, “Bilik günü”ndən qeyri adi nə gözləmək olar. Amma uşaqların kifayət qədər yaddaşında qalır. Himn oxunur, şerlər deyilir. Daha fərqli etmək üçün əlaqədar təşkilatlar yaradıcı nələrsə edə bilərlər.

Həmin gün yalnız orta məktəblərdə deyil, ali məktəblərdə də həyəcanla gözlənir, müxtəlif ziyalılar dəvət olunur, mühazirələr deyirlər. Mən özüm hər ilin bugünündə region məktəblərinin qonağı olur, ölkə tədris mərkəzlərində gedən yenidənqurma işləri haqda danışıram. Yaxşı olardı ki, ziyalı və məşhur insanlar həmin məktəbləri ziyarət etsinlər. Bu ənənəni davam etdirmək yaxşı olardı. Ziyalılarla görüşlər keçirilə bilər. Həmin gün onların öz xatirələrini bölüşməsi ilə yaddaşlarda qalar. Uşaq yaddaşı elədir ki, yaxşı və ya pis- hər şeyi tez qəbul edir. Ona görə çalışmaq lazımdır ki, uşaqlara daha maarifləndirici məlumatlar çatdıraq”.

Millət vəkili Hadı Rəcəblinin fikrinə görə isə Qeyri Hökümət Təşkilatları burada fəal iştirak etməlidir:

“Çünki bilik yalnız müəllimlə şagirdin arasında olan məsələ deyil. Burada bütün cəmiyyət iştirak etməlidir. Prezidentin iştirakı, bu günün dövlət səviyyəsində qeyd olunması təsadüfi deyil.

Dünyada sosial siyasətin maraqlı fəlsəfəsi var: cəmiyyətin inkişafı, uşaqların cəmiyyətdə özünə yer tapması üçün iki fakt mövcuddur. Onun birincisi elm və təhsil, ikincisi isə idman sağlamlığı və əzmidir. Bu, qələbəyə gətirib çıxarır. Bu iki faktor birləşəndə uğurlu nəticə alınır.

“Bilik günü”ndə bilik təbliğ olunmalıdır. Nümunəvi insanları şagirdlərə göstərmək lazımdır. Bu gün təəssüf ki, kimin imkanı varsa, sahibkarlıq obrazı yaradır. Əslində isə o imkana nəyin hesabına nail olduqlarını göstərmək lazımdır. Ağıl və əzmkarlıq təbliğ olunmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları