Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 11:01:00
Abituriyentlərə psixoloji təzyiq göstərən kimlərdir?

Mütəmadi olaraq hər il IX və XI sinif üzrə keçirilən buraxılış imtahanları sonrası şagirdlər və valideynlər arasında müxtəlif şikayətlərin olduğunu müşahidə edirik. Bəziləri imtahan prosesinin təşkilindən, kimisi imtahan suallarının çətinliyindən, kimisi  imtahan zamanı baş verən texniki problemlərdən şikayət edir.

 

Buraxılış imtahanlarının təşkili ilə bağlı hansı yeniliklər edilməlidir? İmtahan prosesi zamanı ən çox diqqət olunmalı məsələlər hansılardır?

 

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova AzEdu.az-a açıqlamasında hər il buraxılış imtahanları sonrası Dövlət İmtahan Mərkəzinə, eləcə də Elm və Təhsil Nazirliyinə bir sıra şikayətlərin daxil olduğunu bildirdi.

 

"Bunun obyektiv və subyektiv səbəbləri var. Dövlət İmtahan Mərkəzi hər il imtahan sulları ilə bağlı ictimaiyyətə açıqlama verir. Bu zaman sualların məktəblərdəki dərs proqramı əsasında tərtib olunduğu qeyd olunur. İmtahan sualları hazırlanan zaman mövzuların əhatəliliyi nəzərə alınır. Düzdür, suallar çaşdırıcı və çətin tərtib olunur. Şəxsi fikrimə əsasən, qəbul sualları nisbətən asanlaşdırılmalıdır. Ali məktəblərdə təhsil çətinləşdirilməli, qəbul və buraxılış imtahanları isə sadələşməlidir".

 

G.Səfərova imtahan zamanı baş verən texniki problemlərə də diqqət çəkib:

 

"İmtahan zamanı müəyyən texniki problemlər yaşaya bilərik. Gələcəkdə bunu elektronlaşdırıb, online sistemə keçid edə bilərik. Bunun üçün yeni format düşünülə bilər. Amma hazırda bu şəxsi fikrimdir. DİM hər imtahan nəticəsini elan edən zaman suallarla bağlı ictimaiyyətə açıqlamalar verir".

 

G.Səfərova imtahan öncəsi valideynlərin diqqət etməli olduğu məsələlərə də toxundu:

 

"İmtahan həyəcan və stress gətirən bir prosesdir. Valideyn, müəllim, DİM nəzarərçiləri bu zaman daha diqqətli olmalıdır. İmtahan öncəsi valideynlərin uşaqlara psixoloji təsiri olur. Əslində, biz imtahandan sonrakı mərhələni təhsilin növbəti pilləsi kimi görməliyik. Abituriyentlərin şikayətlərini qəbul etmək üçün apellyasiya mərkəzi yaradılıb. İmtahan suallarında səhv olduqda mərkəz həmin sualı ləğv edir".

 

İctimai Şura sədri son olaraq bildirdi ki, qərarverici qurumlar bu məsələlərlə bağlı müzakirələr aparır. Onun fikrincə, bu məsələ ilə bağlı artıq yekun qərar verilməlidir.