Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 13:47:00
Bu gün respublika üzrə 165.780 şagird üçün ilk zəng çalınıb  

Sentyabrın 15-i ölkəmizdə “Bilik günü” kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün “Bilik günü” elan edilir.

AzEdu.az xəbər verir ki, son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

2018-2019-cu dərs ilinin ilk günündə respublika üzrə 165.780 şagird üçün ilk zəng çalınıb. Yeni tədris ilində ümumtəhsil müəssisələrində ümumilikdə 1.592.317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4.053 nəfər müəllim adını qazanaraq işə qəbul olunub.

Bu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6. 726. 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Təhsil nazirinin əmrinə əsasən, ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Son beş tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Belə ki, yüksək ballı tələbələr müəllim olmağa üstünlük verirlər. Beş il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3, ötən ilə nisbətən isə 1,5 dəfə artım deməkdir.

Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu isə təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.