Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 16:17:00
Təqaüdə çıxmış müəllimlərdən necə istifadə olunmalıdır? - PSİXOLOQ

 Təqaüd yaşına çatmış müəllimlər bəzən peşə fəaliyyətlərini sonlandırdıqları üçün özlərini cəmiyyətə yararsız hiss edir və təhsildən uzaqlaşırlar. Bu, onların əksəriyyətinin bədbinləşməsinə, hətta xəstələnməsinə səbəb olur.

 

 AzEdu.az-a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru  Müşviq Mustafayev sözügedən mövzunun əsas səbəblərindən danışıb:

 

“Müəyyən bir rejimdə işləmiş müəllimlərin birdən-birə iş fəaliyyətlərinin sonlanması onların psixologiyasına mənfi təsir göstərir. Belə ki, vərdiş etmədikləri işsiz, fəaliyyətsiz qalmaqlarından dolayı yaranan boşluğu doldurmaq onlar üçün çətin olur. Ömürlərinin çox hissəsini təlim-tərbiyə prosesinə vermiş bu insanlarda bundan sonra “gərəksizlik emosiyası” yaranır.

 

Həmin insanlara elə şərait yaratmaq lazımdır ki, onlar hansı yaşda və ya cəmiyyətdə hansı statusda olmalarına rəğmən, təhsilə daima lazımlı olduqlarını anlasınlar. Amma necə? Əlbəttə ki, bunun üçün müxtəlif metodlarla bu insanları könüllü işlərə cəlb etməklə onlarda yaranmış bədbinlik hisslərini aradan qaldırmaq mümkündür. Təqaüd yaşına çatmış müəllimlər öz biliklərini, təcrübələrini gənc nəsilə ötürməlidirlər. Müxtəlif seminarlar keçirmək, burada həmin müəllimlərin iştirakını təmin etmək, tədris etdikləri fənlərin metodikası ilə bağlı kitabların yazılmasına cəlb etməklə onları bu durumdan çıxarmaq mümkündür”- deyə, o fikrini tamamlayıb.