Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 15:59:00
Elmi ad almaq istəyənlərlə bağlı şok -RƏSMİ MƏLUMAT

Prezident yanında Ali Attestasiya Komissiyası yanvar ayı üçün elmi dərəcələr, elmi adlar verilməsi, nostrifikasiya və təkrar attestasiya haqqında hesabatını dərc edib. Təqdim olunan məlumata əsasən, 2023-cü ilin ilk ayında 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru elmi dərəcələri verilib, 10 nəfər dosent, 1 nəfər professor adına layiq görülüb. Eyni zamanda, 19 nəfər fəlsəfə doktoru almaq üçün sənədlərini təqdim etmiş şəxsə bu adı verməkdən imtina edilib. Elmlər Doktoru elmi dərəcəsi almaq istəyənlərdən isə imtina alan olmayıb. Dosent elmi dərəcəsinə iddiaçı olan 7 nəfərə, professor elmi adına iddiaçı olan 1 şəxsə imtina verilib.

 

AzEdu.az xəbər verir ki, Prezident yanında Ali Attestasiya Komissiyasının mütəmadi olaraq hər ay elmi dərəcə, elmi ad almaq üçün iddiaçı olanlar haqqında bu cür məlumatları geniş oxucu kütləsi və maraqlananlar üçün təqdim etməsi təqdirəlayiq haldır. Çünki burada elmi adların verilməsi sahəsində gedən prosesləri izləmək mümkün olur. Amma bu siyahı və hesabatların təqdim olunması ilə yanaşı, bir sıra izahatlara da ciddi ehtiyac var. Ali Attestasiya Komissiyasının mütəxəssisləri qaranlıq qalan məsələlərə aydınlıq gətirsələr daha faydalı olardı. Məsələn, elmi ad və ya dərəcə almaq istəyənləri maraqlandıran əsas suallar iddiaçılara imtina verilməsi ilə bağlı olur. Hansı hallarda iddiaçıya imtina verilə bilər? Bir dəfə imtina almış şəxs yenidən müraciət etmək üçün hansı prosedurlardan keçməlidir? Humanitar sahə üzrə nə üçün reytinq dərəcəsinə malik olan jurnallar Azərbaycanda yoxdur?

 

Eyni zamanda, ötən illərlə müqayisədə elmi dərəcələr və adlar verilməsi sahəsində vəziyyət necədir? Tendensiya azalmağa, yaxud inkişaf etməyə doğru gedir? Azalmanın qarşısını necə almaq olar? Digər ölkələrin müvafiq qurumları ilə bu sahədə əməkdaşlığın vəziyyəti nə yerdədir? Nə üçün xarici ölkələrin ali təhsil müəssisələrində elmi ad və dərəcə alan vətəndaşlarımızın sayı olduqca azdı?

 

Düşünürəm ki, yuxarıda sadalananlar elm sahəsində çalışanları maraqlandıran sualların çox cüzi bir hissəsidir. Prezident yanında Ali Attestasiya Komissiyası hesabatla yanaşı hər ay bir dəfə açıq qapı günləri keçirib ortaya çıxan sualları cavablandırsa, daha məqsədəuyğun olmazdımı?