Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 17:28:00
Buraxılış imtahanının erkən keçirilməsinin səbəbləri -DİM-dən AÇIQLAMA

Bir neçə il əvvələ qədər buraxılış imtahanları yay aylarında həyata keçirilirdi. 2019-ci ildən etibarən isə daha erkən, mart-aprel aylarında təşkil olunmağa başladı. Bunun əsas səbəbləri nədir? Tələbələrin proqramı başa vurması və hazırlıq keyfiyyətinə təsiri varmı? Əvvəlki buraxılış imtahanları ilə son illərdəki imtahanların nəticələri arasında fərqlər mövcuddur?

 

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə öz açıqlamasında ətraflı şərh edib.

 

 

 

X.Xanlarzadə imtahanların mart-aprel aylarında keçirilməsinin ən təməl səbəbinin tədris metodikasının dəyişməsi ilə əlaqəli olduğunu qeyd edir.

 

“2008-ci ildən respublikanın ümumtəhsil məktəblərində tədris fənn kurikulumları əsasında həyata keçirilir. Fənn kurikulumlarının tətbiqi təhsilin məzmununda dəyişikliklərə və “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçidə səbəb olmuşdur. Bu isə o deməkdir ki, tədris prosesində yalnız biliklərin öyrədilməsi deyil, həm də kompetensiyaların formalaşdırılması əsas götürülür”.

 

 

 

DİM-in rəsmisi buraxılış imtahanlarının mart-aprel aylarında keçirilməsinin imtahanda istifadə olunmuş sualların tipləri ilə birbaşa əlaqəli olduğunu qeyd edib:

 

“2017-ci ildə ilk dəfə olaraq, fənn kurikulumlarının təlim nəticələrinə uyğun şəkildə 9-cu,  2019-cu ildə isə 11-ci siniflərdə buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqları yeni qiymətləndirmə vasitələri ilə yoxlanılmışdır. Yeni imtahan modelinə əsasən qapalı tipli tapşırıqlarla yanaşı, yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan da istifadə olunmasına başlanılmışdır. Yeni qaydalara əsasən, ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanı nəticələrinin nəzərə alınması (qəbul imtahanının I mərhələsi kimi) da 2019-cu ildən tətbiq olunur. Həmin vaxtdan etibarən imtahan mart-aprel aylarında keçirilir. Çünki yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb edir və markerlər tərəfindən həyata keçirilir”.

 

 

Qeyd edək ki, ilk illərlə müqayisədə abituriyentlərin yazılı cavab tələb edən tapşırıqları cavablandırma faizi daha yaxşıdır. Köhnə tədris proqramı və yeni kurikulum əsasında keçirilən buraxılış imtahanlarının nəticələrini isə yuxarıda qeyd olunanlara əsasən müqayisə etmək elmi-metodiki baxımdan düzgün deyil.