Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 16:50:00
BDU dosenti deputat Etibar Əliyevlə razılaşmır – AÇIQLAMA

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev  bu gün AzEdu.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda universitetlər universitet anlayışına uyğun gəlmir. Bu sözlər heç də elm, təhsil adamları tərəfindən birmənalı qarşılanmadı. Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov bizimlə söhbətində deputatın sözlərinin tam həqiqətə uyğun olmadığını söylədi.

 

Təhsil eksperti bildirdi ki, Etibar Əliyevin yanaşmaları hər zaman tənqidi səciyyə daşıyır:

 

“Hörmətli deputatımız və təhsil üzrə respublikamızda tanınmış ekspert  hesab olunan Etibar Əliyevin AzEdu.az saytına universitetlərimizilə bağlı verdiyi müsahibə ilə çox maraqla tanış oldum. Etibar müəllim təkcə təhsil sahəsinə deyil, cəmiyyətimizin müxtəlif sahələrinə aid fərqli yanaşmalar müəllifi kimi tanınır. Onun yanaşmaları bir qayda olaraq tənqidi səciyyə daşıyır. Mən heç vaxt onun ali və orta təhsil sistemimizdəki əldə olunan nailiyyətlər haqqında müsbət bir fikrinə rast gəlməmişəm. Etibar müəlim Yunan, Roma, Çin filosoflarından danışanda yalnız tərifə keçir və ağızdolusu danışır. Bu müqəddimə Etibar müəllimin nəzərəçarpan xüsusiyyəti ilə onun prəstişkarlarını tanış etməkdir. Çünki elə mən də onun müsahibə və çıxışlarını diqqətlə izləyir və pərəstişkarı hesab olunuram. Etibar müəllimin daim tənqidə köklənməsinin də onun mövcud  vəziyyəti qəbul edə bilməməsindən irəli gəldiyini düşünürəm.

 

Amma Etibar müəllimin qeyd olunan müsahibədə iddia etdiyi universitetlərimizin fəaliyyətinin adı ilə uyğun olmaması fikrinə gəlincə, bununla heç cür razılaşa bilmirəm. Əslində Sovet İttifaqı dağılandan sonra institutlar ona görə universitet adlandırıldı ki, onlar elə institut adı altında universitet funksiyasını yerinə yetirirdilər. Ümumiyyətlə universitetlərin ən əsas funksiyası tələbə, magistr və doktorant hazırlığı ilə məşğul olmaqdır. Ondan qalan məsələlər ikinci dərəcəli hesab olunurdu. Fərq yalnız onda idi ki, Sovet təhsil sistemində indiki kim üçpilləli sistem yox idi. Sadəcə 5 illik təhsil sistemi mövcud idi, ondan sonra aspirantura və doktorantura gəlirdi. Sovet institutlarının verdiyi beşillik diplom xarici ölkələrdə magistr səviyyəsində qəbul olunurdu. Deməli, beşillik təhsil sistemi elə magistraturanı da əhatə edirdi. Sistem dəyişdikdə istər-istəməz dünya təhsil siteminə daha ciddi inteqrasiya olunmaq üçün institutların adı dəyişilib Universitet olmalı idi. Çünki institutlar heç bir inkişaf etmiş ölkədə təhsil müəssisəsi kimi tanınmır. Biz sovet institutlarını universitet adlandırmaqla onun təhsilində məzmun dəyişikliyi etmək nəzərdə tutmurduq. Ona görə də dünya təhsil sisteminə inteqrasiyanı məhz bu yolla keçməli idik. Qeyd olunmalıdır ki, Azərbaycanda məhz təhsillə məşğul olan institutlar universitet adlandırıldı. Bizim həm Elmlər Akademiyasında, həm də müxtəlif universitetlərin nəzdində də onlarca elmi tədqiqat institutları var və onlar elə institut olaraq qalıblar. Çünki bu elmi mərkəzlər mütəxəssis hazırlamaq funksiyası həyata keçirmirlər. Onlar elə elmi tədqiqat işləri ilə necə məşğul olurdularsa, eləcə də məşğul olurlar”.

 

Ə.İbrahimov vurğulayıb ki, danışan bir sıra ekspertlərin ümumiyyətlə təhsildən xəbəri yoxdur:

 

“Universitetlərin məzmunları ilə bağlı bu polemika Etibar müəllimin çoxsaylı tənqidlərindən birinə cavabdır. Amma Etibar müəllim təhsilimizi tənqid edən yeganə ekspert deyil. Bu yaxınlarda başqa bir ekspertin magistratura təhsilinin heç fayda vermədiyi haqqında rəyinə rast gəldim. Savadlı və özünü təhsil eksperti adlandıran şəxsin magistratura təhsili sahəsində aparılan ciddi islahatları görə bilməməsini başa düşə bilmirəm. Sadəcə bunun bir səbəbi ola bilər. Bu ekspertin magistratura təhsilindən ümumiyyətlə xəbəri yoxdur. Amma bu, başqa mövzunun  söhbətdir.

Etibar müəllimə məsləhət vermək fikrindən uzağam. Amma üzümü hər şeyi qara rəngdə görən ekspertlərə tutmaq istərdim: Bəlkə uğurlarımızı da görəsiniz!..”