Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 11:12:00
İnternat məktəbində “ilk zəng” çalındı  

Sentyabrın 15-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildirib.

Təhsilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan nazir yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

C.Bayramov məktəblərdə təhsil üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.

İnternat məktəbinin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verib. Qeyd olunub ki, məktəb 1936-cı ildən fəaliyyət göstərir və gözdən əlil şəxslərin tam orta təhsilini həyata keçirir. İnternat məktəbində 30 sinif komplektində 307 nəfər gözdən əlil və zəifgörən şagird təhsil alır. Son beş ildə internat məktəbinin məzunlarından 30-u ali, 23-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məktəbin 2017-2018-ci il məzunlarından 10-u ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alır.

İnternat məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub.

Tədbirdə şagirdlər doğma Vətən, ana, məktəb haqqında şeirlər söyləyib, mahnılar ifa ediblər.

Sonra məktəbdə yeni dərs ilinin başlandığını bildirən “ilk zəng” çalınıb.