Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 13:17:00
“Dövlət bağçalarında kod sisteminin tətbiqi mümkün deyil” – Azadə Əhmədova

Dövlət bağçalarında uşaqlara qarşı baş verən zorakılıq hallarının fonunda kamera sisteminin olub-olmaması xeyli mübahisələrə səbəb olub. Müraciət etdiyimiz bağça rəhbərləri və ekspertlərin bir qismi kamera sisteminin olmamasından narazılıq edir, bir qismi isə bütün bağçaların kameralarla təmin olunduğunu bildirir. AzEdu.az-in budəfəki müraciətini cavablandıran məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova dövlət bağçalarının hamısında kamera sisteminin mövcud olduğunu söylədi:

 

Özəl və dövlət bağçalarının demək olar ki, hamısında kamera sistemi mövcuddur. Kamera sistemləri yaddaşında 2 həftənin görüntülərini saxlaya bilir.  Mübahisəli məsələlər olduğu halda valideynlər yaxınlaşaraq həmin kadrları tam sərbəst şəkildə izləyə bilərlər. Özəl bağçalarda isə vəziyyət bir qədər fərqlidir. Onlar valideynlərəhətta izləmə kodu verirlər. Valideyn onun vasitəsilə evdə oturaraq öz uşaqlarının bağçada nə etdiyini və təbii ki ona qarşı davranışları müşahidə edə bilir. Lakin, dövlət bağçalarında bu sistem mövcud deyil. Yəni, əslində praktiki baxımdan bu mümkün də deyil. Təsəvvür edin ki, ən kiçik dövlət bağçasında 100-150, ən böyüyündə isə 300 uşaq var. Bu sistem dövlət bağçalarında qurulsa valideynlər arasında qarışıqlıq yaranacaq. Uşaqlarının hər hərəkətlərini izləyən valideynlər müxtəlif bəhanələrlə müraciətlər etməyə başlayacaq ki, nəticədə biz mütəmadi yaranacaq xaosların şahidlərinə çevriləcəyik. Bu halda müəllimlər ancaq valideynlərə cavab verməklə məşğul olacaqlar. Ona görə də valideynlər bəri başdan uşaqlarını qoyduğu bağçanı araşdırdıqdan sonra öz övladlarını ora etibar etməlidirlər”.

 

Müəssisə rəhbəri bizimlə söhbətində son baş verən hadisənin bağçalarla heç bir əlaqəsi olmadığını da xüsusi vurğuladı:

 

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzində əqli qüsurlu uşaqlarla məşğul olan dırnaqarası mütəxəsislər vəhşi bir metodla onlara  pis vərdişlər öyrədirdi. Baş verən bu xoşagəlməz hadisədən sonra həmin müəssisələrə ciddi nəzarət edilməlidir. Bu hadisənin özəl, yaxud dövlət bağçalarında baş verməsinin elə də önəmi yoxdur. Bağçalara kameralar vasitəsilə ciddi nəzarət olunur. Ümumiyyətlə, bağçaların iş prinsipini incələyərkən nəzərə alınmalıdır ki, uşaqların danışma müddəti üç yaşına qədərdir. Danışmağa başlayan uşaqlar hər-hansı zorakılıq hadisəsi baş verdikdə özləri bu  haqda valideynlərinə deyə bilər. Buna görə də, belə bir hal doxsan doqquz faiz baş verə bilməz”.

 

A.Əhmədova xarici ölkələrdəki bağçaların da mənfi və müsbət cəhətlərindən danışıb:

 

“Xaricdə mövcud olan bir çox bağçaları müşahidə etmişəm. Xaricdə bağçalara nəzarət müəyyən cəhətlərdə güclü olsa da, bizim məktəbəqədər təlim-tərbiyə prosesi daha güclüdür. Bizim ölkədə hər şey planlı şəkildə aparılır. Uşaqların qidalanması, səhər idmana ayrılan vaxt, təmizlik, məşğələlərə hazırlıq, gəzinti, oyunlar və s. - bizim ölkədə olan fəaliyyət planları digər xarici ölkələrə nisbətən daha yüksək səviyyədədir.  Xaricdə uşaqlara qarşı törədilən hər hansı zorakılıq halında hətta valideynləri belə övladlarından məhrum edirlər. Bu çox mübahisəli məsələdir. Adicə səs tonunu yüksəltdiyi üçün illərdi əziyyət çəkib boya-başa çatdırdığı övladını valideynin əlindən alırlar. Bunu heç də düzgün hesab etmirəm.

 

 Xaricdə bağçaların müsbət yönlərinə gəldikdə isə, burada məktəbəqədər müəssissələr müxtəlif modelllər üzrə fəaliyyət göstərirlər. Belə standartlar hələ ki bizdə yoxdur. Avropa ölkələrində metodlar rəngarəng və müxtəlifdir. Bağçalarda uşaqların arzu və istəkləri də nəzərə alınır. Uşağa yanaşma, onun inkişaf istiqamətlərinə çox böyük diqqət göstərilir”.