Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 11:45:00
ARTİ-nin əməkdaşlığı ilə beynəlxalq konfrans keçirilib

 

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı üzrə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) ilə əməkdaşlıq əsasında yanvarın 26-da Bakı Biznes Mərkəzində “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanda genderə həssas təhsil mühitinin inkişafını təşviq etmək idi.

 

AzEdu.az xəbər verir ki, hibrid formada təşkil olunan konfrans gender yönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək və əməkdaşlıq platforması yaratmaq üçün 200-dən çox müvafiq dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələri və orta məktəb müəllimlərini bir araya gətirib.

 

Konfransın açılışında ARTİ-nin direktor müavini Ülkər Babayeva, RİİB-in layihə rəhbəri Zərifə Məmmədli, BMT-nin Qadınlar üzrə Agentliyinin EU4GE Regional proqram menecerinin vəzifəsini icra edən Dilara Büyüktaş, UNFPA Azərbaycan Nümayəndəliyinin proqram rəhbəri Səbinə Manafova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov çıxış ediblər. Ülkər Babayeva 2021-2022-ci illərdə ARTİ-nin UNFPA ilə birgə həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” adlı layihə çərçivəsində görülən işlər və əldə olunan nəticələrdən danışaraq, ölkəmizdə genderə həssas təhsil mühitinin inkişafında əhəmiyyətini vurğulayıb.

 

ARTI-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Ümumi təhsildə müəllim hazırlığında gender yönümlü yanaşmalar”, həmin şöbənin mütəxəssisi Şahanə Məmmədli “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” təlimində iştirak edən müəllimlərin nəticələrinin təhlili”, Bakı Dövlət Universitetinin gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə “Ali təhsil səviyyəsində gender yönümlü pedaqogika: Azərbaycan nümunəsi” mövzularında çıxışlar edərək, müəllimlər üçün hazırlanan təlim materialları və keçirilən təlimlər barədə ətraflı məlumat veriblər.

 

Konfrans işini “Gender yönümlü tədris prosesi”, “Gender yönümlü tədris və öyrənmə materialları” və “Genderə həssas təhsil mühitinin təşviqi üçün maraqlı tərəflərin cəlbi və müvəkkillik” mövzularında üç panel iclas ilə davam etdirib. Panel iclaslarında çıxış edən Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, UNICEF-in Avropa və Mərkəzi Asiya Regional Ofisinin Erkən uşaqlıqda dövründə inkişaf üzrə mütəxəssisi Vidur Çopra, ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Həbibə Nəzirova, eləcə də Türkiyə və Gürcüstandan olan məruzəçilər ümumi və ali təhsil səviyyələrində gender bərabərliyinin aşılanması, erkən uşaqlıq dövründə inkişafda gender yönümlü yanaşmanın əhəmiyyəti, tədris materiallarının gender aspekti nəzərə alınmaqla hazırlanması, bu sahədə aparılan tədqiqatlar və əldə olunan müsbət nəticələr, müvafiq sahədə yerli və beynəlxalq nümunələr, təhsil mühitində gender bərabərliyinin təşviqi üçün effektiv təbliğat-təşviqat tədbirləri və digər mövzulara toxunublar. Panel iclaslar sual-cavab ilə davam edib.