Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 09:53:00
“AzInTelecom” MMC Elm və Təhsil Nazirliyi üçün informasiya təhlükəsizliyi xidmətləri həyata keçirir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətlərini əldə edən dövlət qurumlarından biri Elm və Təhsil Nazirliyi oldu.

 

AzEdu.az xəbər verir ki, əldə edilmiş razılığa əsasən, nazirliyin informasiya sistemlərinin qurulması və dayanıqlı fəaliyyəti üzrə məsul qurum olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) üçün İT audit, Kibertəhlükəsizlik simulyasiyası və Kibertəhlükəsizlik auditi xidmətləri göstərilir.

 

İT audit xidməti çərçivəsində TSİİ-yə məxsus şəbəkənin strukturunun və virtual mühitin dayanıqlılığının təmin edilməsi, şəbəkənin kənar müdaxilələrdən qorunması və s. kimi istiqamətlərdə boşluqların araşdırılması, onların aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi nəzərdə tutulur.

 

Kibertəhlükəsizlik xidməti zamanı “AzInTelecom” MMC-nin əməkdaşlarının TSİİ-yə məxsus veb-tətbiqlər, elektron xidmətlər, müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinin təhlükəsizlik yoxlanışını (Penetration test) həyata keçirməsi planlaşdırılır.

 

Kibertəhlükəsizlik auditi xidməti zamanı fiziki şəbəkə avadanlıqları və təhlükəsizlik həllərinin sazlanmalarının qiymətləndirilməsi, təkmilləşməsi üçün təkliflərin verilməsi, bu istiqamətlərdə təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Vurğulayaq ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.