Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-30 16:39:00
Dil tarixi mütəxəssisləri və tələbələr üçün yeni monoqrafiya çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Səkinə Şərifovanın “Mirzə Fətəli Axundzadənin əsərlərində mürəkkəb cümlənin semantik-sintaktik xüsusiyyətləri” kitabı çap olunub.

 

AzEdu.az xəbər verir ki, monoqrafiyada XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin əsərlərində işlənmiş mürəkkəb cümlələrin semantik-sintaktik xüsusiyyətlərindən bəhs olunur. Nəşrdə tabeli, tabesiz, həmçinin qarışıq tipli mürəkkəb cümlələr sintaktik bütövlər kontekstində araşdırılır, dialoji və monoloji nitqdə mürəkkəb cümlənin təqdimi yolları üzə çıxarılır, semantik diferensiallaşma və s. məsələlərə diqqət yetirilir, mətn dilçiliyi ilə bağlı elmi yeniliklər ilk dəfə dil tarixinin öyrənilməsində tətbiq edilir.

 

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Adilovdur.

 

Monoqrafiya dil tarixi və dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya fakültəsinin müəllimləri, tələbələri və magistrantları üçün faydalıdır.