Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 17:48:00
Peşə təhsilində inqilabi oyanış – Gənclər daha çox bu sahələrə can atırlar

Məlum olduğu kimi avqustun əvvəllərindən başlayaraq, 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində  dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu  başlayıb. Bununla bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə  Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə əməkdaşlığı  çərçivəsində reallaşdırılan  “ASAN peşə” layihəsinin əsas məqsədi  peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının təmin olunması  və subyektiv amillərin qarşısının alınması, obyektivliyin təmin edilməsi ilə bağlıdır. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Son rəsmi məlumatlara görə, 2018-2019-cu tədris ili üzrə "ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Qeydiyyatdan keçənlər arasında ən çox aşpaz, veb-dizayner, kompüter operatoru, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi, qaynaqçı və digər ixtisaslarına üstünlük verilib.

AzEdu.az burada qeyd edilən dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla bağlı təhsilin hansı müəssisələrdə və qəbulun necə aparılması ilə bağlı eksert Nadir İsrafilovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, dövlət peşə təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcəyi məsələsi hələ bir müddət əvvəl, yəni yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu maddəsində (Peşə təhsili müəssisəsi) qeyd edilmişdi:

“Qanun layihəsinin 10.12-ci bəndinə əsasən, dövlət peşə təhsili müəssisələrində təhsilin dövlət hesabına və ödənişli əsaslarla həyata keçiriləcəyi, təqaüdlərin təhsilalanlara dövlət hesabına veriləcəyi, qanunvericiliklə müəyyən edilmiş qaydada sosial  müdafiəyə xüsusi ehtiyacı olan müəyyən qrup şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi nəzərdə tutulurdu. Təhsil naziri Ceyhun Bayramovun təbirincə desək, iqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, işəgötürənlərin tələblərinə cavab verən peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması mühüm əhəmiyyət kəsb edir. Ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən "Peşə təhsili haqqında” qanun qəbul olunub”.

N.İsrafilov bildirib ki, peşə təhsilinin müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulma prosesi danılmaz faktdır:

“Həm Bakıda, həm də ayrı-ayrı rayonlarda yeni peşə məktəbləri istifadəyə verilir, əvvəlcədən fəaliyyət göstərən peşə təhsil müəssisələrinin şəraiti yaxşılaşdırılır. Peşə təhsilinə marağı artırmaq, bu sahənin inkişafını sürətləndirmək məqsədi ilə müəyyən güzəştlər nəzərdə tutan bəzi qərarlar qəbul edilib. Peşə təhsili alanlara hərbi xidmətdən möhlət, təcrübə sahəsində əməkhaqqı alma, xüsusi imtiyazlara sahiblənmə hüququ verilir. Beləliklə, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ belə verilir. O cümlədən, bu müəssisələrdə təhsil alanların xüsusi iş geyim formaları ilə də təmin edilməsi, Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar verilməsi, peşə təhsili alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazların nəzərdə tutulması da təqdirə layiq haldır. Ən başlıcası isə “Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olunacaqlar.

Yəni bütün bunlar heç də gözlənilməz addımlar olmayıb. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nıntələblərindən irəli gələn vəzifələrdir”.

Ekspert əlavə edib ki, sadaladıqları yeni "Peşə təhsili haqqında” Qanunda nəzərdə tutulan müddəalardır. Buna müvafiq olaraq xüsusi qaydalar təsdiq olunmalı, hökumətin müvafiq sərəncamları imzalanmalı, Tarif Şurasının əlaqədar qərarı qəbul edilməlidir. Hələ ki, belə rəsmi sənədlərə təsadüf etmədiyini deyib.