Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 17:31:05
Aqrar Universitetdə akademik Cəlal Əliyev adına elmi-tədqiqat və tədris laboratoriyası yaradıldı

Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli alim, akademik Cəlal Əliyev adına Bitki fiziologiyası elmi-tədqiqat və tədris laboratoriyası yaradılıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə  universitetin aqronomluq fakültəsinin dosenti Arif Qazıyev məlumat verib.

Bildirilib ki, dövlətimizin başçısı Azərbaycanda biologiya elminin inkişafında, müasir kadr potensialının formalaşdırılmasında və ümumən elmin təşkilində uzunmüddətli ardıcıl fəaliyyətini nəzərə alaraq akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə 2018-ci il mayın 22-də Sərəncam imzalayıb. Həmin Sərəncamdan irəli gələrək Aqrar Universitetdə ötən tədris ilində elmi-praktik konfranslar, seminar və müşavirələr keçirilib.

“Görkəmli alimin elmi irsinin tədqiqi və tələbələr arasında təbliği məqsədilə Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərovun rəhbərliyi ilə universitetin Biologiya kafedrasının nəzdində bitki fiziologiyası istiqamətli yeni laboratoriya yaradılıb. Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya yeni tədris ilindən fəaliyyətə başlayacaq. Fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyənləşdirmiş və onun aktual problemlərinin həllinə sanballı töhfələr vermiş akademik Cəlal Əliyevin adını daşıyan laboratoriyanın qurulması Aqrar Universitetdə təhsil alan gənclərin gələcəkdə hərtərəfli yüksəkixtisaslı kadrlar kimi yetişməsinə mühüm töhfə olacaq”, - deyə A.Qazıyev vurğulayıb.