Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-15 10:13:23
Romada oxuyan azərbaycanlı tələbə - “Bizdə bu sistem tətbiq olunsa, universitetlər boş qalar”

Əcnəbi ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən, xaricdə bakalavr və magistr təhsili alan və almaq istəyən tələbələrin sayı durmadan artır.

AzEDU.az həmin tələbələrin  hansı şərtlərlə və hansı şəraitdə təhsil almaları və üzləşdikləri çətinliklər barədə məlumat almaq məqsədilə xaricdə təhsil alan tələbələrlə müsahibələrə start verir.

İlk müsahibimiz İtaliyanın Roma Sapienza Universitetinin Hüquq fakültəsində təqaüdlə təhsil alan Murad Bayramovdur.

Murad Bayramov 1995-ci ildə doğulub. 2012-ci ildə indiki Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Tərcümə-İngilis dili ixtisasına daxil olub. Bu fakültəni bitirdikdən sonra magistr pilləsi üzrə təhsilini xaricdə davam etdirmək qərarına gəlib.

- Sapienza Universitetinə qəbul olmaq və təqaüd proqramı qazanmaq üçün hansı mərhələlərdən keçmisiniz?

- Əvvəlcə hansı universitetdə, hansı şəhərdə oxuyacağıma qərar verdim. Bu universiteti İtaliyanın paytaxtı Romada yerləşdiyinə görə seçdim. Eyni zamanda,  qrup yoldaşlarımın bəziləri də İtaliyada təhsil üçün müraciət etmək istəyirdilər. Düşündüm ki, mən də buranı seçim. Əgər başqa ölkəni və universiteti seçsəydim, qəbul prosesləriylə bağlı bu qədər məlumatlı ola bilməzdim.

Yanvarın ilk günlərdə bir çox universitetlərə qəbul prosesi başlayır. Tələbələr bu proseslərlə  bağlı universitetlərin rəsmi saytlarından məlumat əldə edə bilərlər. Mən də belə etdim. Qeydiyyatdan keçmək sadə görünsə də, o qədər də asan proses deyil. Əvvəlcə, universitetin saytında müraciət formasını doldurub tələb olunan sənədləri onlayn formada göndərdim. (diplom və ya universitetdən arayış, xarici pasport, rəy və motivasiya  məktubları, əgər varsa, ingilis dilini təsdiq edən beynalxalq sertifikatlar  və s). İlk müraciət zamanı həmin sənədlərin təsdiqinə ehtiyac yoxdur. Zəruri şərt hər birinin ingilis dilində olmasıdır. Bir həftə sonra mənə, artıq “digər proseslərə başlaya bilərsiniz” məzmunlu məktub gəldi. Digər mərhələlərə isə diplomun və akademik transkriptlərin italyan dilinə tərcümə və təsdiqi, eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən təsdiqi  kimi sənədlər aiddir. Bu kimi sənədləri topladıqdan sonra İtaliyanın Bakıdakı səfirliyə təqdim etdim. Səfirlik müsahibə üçün vaxt qərarlaşdırdı. Onu nəzərə almaq lazımdır ki, universitetdən ilkin qəbul almaq orada gedib oxuya biləcəyiniz mənasına gəlmir. Sizin orda oxumağınıza əvvəlcə səfirlik tərəfindən icazə verilməlidir ki, viza alıb gedə biləsiniz.

29243804_1714040611991319_8175578884838785024_n.jpg

İtaliyanın Bakıdakı səfirliyinin şərtləri isə hər il müəyyən qədər dəyişir. Məsələn, bank hesabınızda müəyyən qədər vəsait olmalıdır və  magistr pilləsi üzrə təhsil alacaqsınızsa, bunu balakavr ixtisasınızla  əlaqələndirməlisiniz.  Müəyyən müddət keçdikdən sonra viza da aldım.

Digər böyük bir problem təqaüd üçün müraciət prosesidir. Təqaüd proqramı üçün də xüsusi sənədlər tələb olunur. Mən “Laziodisu” təqaüd proqramına müraciət etdim. Bu proqram üçün  tələbənin adına  hansısa əmlakın olub-olmaması ilə bağlı sənəd, ailə tərkibi, ailə tərkibində olan şəxslərin işləyib-işləməməsi - əgər valideynlər işləyirlərsə, onların əmək haqları, işləmirlərsə Məşğulluq idarəsindən işləmədiklərinə dair arayış və s. -  kimi sənədlər tələb olunur. Toplanan bütün sənədlər italyan dilinə tərcümə olunmalı, Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməlidir. Təxminən, mayda Laziodisunun rəsmi saytında təqaüd prosesləriylə bağlı müəyyən məlumatlar paylaşılır. Məsələn, müəyyən sualları cavablandırmalı olduğunuz onlayn hesab yaradılır.  Sualları cavablandırdıqdan sonra həmin qeydiyyat formasını çap edib Lazio ofisinə göndərməlisiniz. Sənədləri avqust ayında sistemə daxil edib və təqaüdü qazanıb-qazanmayacağınızı gözləyirsiniz. Bu təqaüd proqramının üstün cəhəti ondan ibarətdir ki, əgər sənədləri göstərildiyi kimi düzgün şəkildə toplayırsınızsa, 99 % təqaüd qazanma şansınız var.

- Qeydiyyat prosesini həyata keçirmək üçün xaricdə təhsil şirkətinə müraciət etmisinizmi?

- Qeydiyyat  zamanı xaricdə təhsil şirkətinə müraciət edib-etməmək barədə fikirləşdim. Bəzi xaricdə təhsil şirkətləri var ki, onlar sizə sadəcə, istiqamət verir, çünki sənədlərin puluna qədər hər bir proseduru özünüz etməlisiniz. 2500-3000 manat civarında da pul tələb edirlər. Bu səbəbdən, özüm müraciət etməyi qərara aldım və təqaüdü qazandım.

- Təqaüd hansı aylarda verilir?

- Təqaüd universitetə qəbul olunduqdan sonra bir neçə ay ərzində, əsasən, dekabr və may aylarında verilir. Tələbələrin köməyinə hesabda olan vəsait çatır. Avropalılar üçün olmasa da, bizə görə orda həyat bahalıdır. 

Təqaüd 9 ay üçün  5000 avro təşkil edir. Məbləğ hesaba yarı-yarı köçürülür.  Mən birillik təqaüd qazanmışam. İkinci il üçün sənədlərimi yenidən toplayıram.

Yataqxanada yaşamaq izni qazansam da, həm universitetə məsafə uzaq idi, həm də otaqda kimlə qalacağım da bəlli deyildi. Otaq yoldaşım xarakterimə uyğun olmayan insanlar da ola bilərdi. Bu səbəbdən, yataqxanadan imtina etdim və Romaya yaxın başqa şəhərdə ev tutdum, çünki orda ev daha ucuz-160 avro idi.

29250126_1714040205324693_3305734738869747712_n.jpg

- Sapienza Universiteti  barədə təəssüratlarınız necədir?

- Sapienzaya universitet demək haqsızlıq olardı. Sapienza böyük bir şəhərcikdir. Hər ixtisasın fakültəsinin binası ayrıdır. Həyətində sizə lazım ola biləcək hər şey- bank, yataqxana, yeməkxana və s. var. Laziodisu təqaüd proqramına yeməkxana üçün üzv olursunuzsa, 6 avroluq yeməyi 2 avro 20 sentə yemək mümkündür. Mən bu paketdən də istifadə etmədim, çünki italyanların yeməklərini bəyənmirəm. Burada eyni zamanda italyan dilini öyrənmək üçün pulsuz kurslar var. Mən bu kursa müraciət etdim, bir ay dərs aldım. Səfirlikdən viza aldınızsa, 28 ölkəni gəzə bilərsiniz.

Boloniya sisteminin ilk tətbiq olunduğu universitetlərdəndir. Dərslərdə iştirak etmək məcburiyyəti yoxdur. İlk dəfə dərsdə iştirak edəndə, uşaqların auditoriyaya istədikləri vaxt girib-çıxmalarının şahidi oldum. Mənə həmişə  müəllimdən icazə almamış  girib-çıxmaları maraqlı gəlirdi. Sadəcə, imtahandan imtahana gəlib iştirak edə bilərsiniz. Bir fəndən 8 dəfə imtahan vermə şansınız var. İmtahana girmək üçün öz hesabınız olur və hansı gün imtahan vermək istəyirsinizsə, həmin günü seçirsiniz.

- Xarici təhsil mühitini görmüş gənc kimi Azərbaycan təhsil sistemində nəyin dəyişməsini istəyərdiniz?

- Orada qaldığım 3 ay müddətində dərsələrə davamlı olaraq getmədim. Onu da qeyd edim ki, dərsə getmədiyiniz təqdirdə imtahanlardan uğurla keçmə şansınız o qədər çox olmur. Çünki materiallar çoxdur və hamısını oxumaq məcburiyyətindəsiniz. İstərdim Azərbaycanda da əsl Boloniya sistemi tətbiq olunsun. Mənə bəzən sual verirlər ki, orada tələbə oxuyur? Mən bir şeyin şahidi oldum ki, istər İtaliyadan istərsə də, başqa ölkələrdə tələbələr bura gəlirsə, deməli, oxumaq üçün gəlir. Azərbaycanda isə şagirdlər müxtəlif səbəblərdən-valideyn təzyiqi və s. universitetə daxil olurlar.

- Sizcə, Azərbaycan Boloniya sisteminə hazırdır?

- Məncə, yox. Burda belə bir sistem tətbiq olunsa, bəlkə də tələblərin 90%-i dərsdə iştirak etməz və universitetlər boş qalar.

- Magistratura pilləsini başa vurduqdan sonra təhsilinizi davam etdirmək kimi fikriniz var?

- Əsas məsələ təqaüd məsələsidir.  Əgər hər hansı universitetin təqaüd proqramını qazansam, doktorantura pilləsini də oxumaq istəyərəm. Düzü, Avropada qalmaq istəmirəm. İtaliyada iş tapmaq  nisbətən çətindir,çünki burada yaşayan və işləyən kifayət qədər azərbaycanlı var. Magistr təhsilimi başa vurduqdan sonra Kanadada təhsilimi davam etdirmək və işləmək istəyirəm. 

29216315 1714038311991549 8636555289472008192 n

- İtalyanların əcnəbi tələbələrə münasibəti necədir?

- İtaliyada tələbələrə hər bir insana dəyər vermək öyrədilir. Mən orda bunun şahidi oldum. Küçədə hansısa itə qulluq etsəniz, dövlət onun üçün belə sizə pul ödəyir. Amma bir şeyi səmimi etiraf edim ki, ikinci sinif- “qara millət” deyə insanlar var. İtaliyada Afrika, Nigeriya, Hindistan, Pakistan, Bangladeşdən gəlmə insanlar belə tanınır. Məsələn, onların metrodan çıxanda yerdə yatdıqlarını görmək olar.  Romada bir neçə qaradərili ilə ünsiyyətdə oldum. Onların sözlərinə görə, buranın vətəndaşı olmağa dəyməz. Amma Almaniyada belə deyil. Bu ölkədə  gecə parkda yatırsınızsa, polis sizi aparıb kampusa yerləşdirir. İtaliyada “qara millətə” bənzəmədiyin müddət sizə münasibət yaxşı olacaq.

- Azərbaycanlı və  italyan müəllimlər arasında hansı fərqlər var?

- Sapienzada dərs deyən  müəllimləri gördükdən sonra, Azərbaycandakı müəllimlərə daha çox dəyər verirəm. Təsəvvür edin, auditoriyada pulsuz internet var. Planşet və ya kompüterinizi apararaq arxada oturub kinoya baxa bilərsiniz. Müəllim nə işlə məşğul olduğunuzu belə soruşmayacaq. Burada müəllim dərsini keçib gedir, tələbənin oxuyub-oxumamağı isə onu maraqlandırmır. Azərbaycandakı müəllimlər isə tələbələrin oxuması, savadlı olması üçün əlindən gələni edir. 

- Xaricdə təhsil tələbəyə nə qazandırır?

- Xaricdə təhsil alanda yeni mədəniyyətlə tanış olursan, dünyagörüşün formalaşır, bir çox informasiyalar əldə edib daha çox insanla ünsiyyətdə olursan. Əlavə dillər öyrənmək şansın olur.

- Azərbaycanlıları həm fiziki, həm də mentalitet baxımından italyanlara daha çox oxşadırlar. Bu fikirlərlə razısınızmı?

- Bəli, italyanlar bir az mühafizəkar xalqdır, deyirlər. Məsələn, qız dostu olan italyan, həmin qızın hansısa oğlanla ünsiyyətdə olmasını istəməz. Amma mən Romada bunun şahidi olmadım. Fiziki cəhətdən isə italyan oğlanları daha çox yaraşıqlı, qızları  daha gözəldir. Bunu inkar edə bilmərəm. Çünki mən orada olduğum müddət eybəcər italyan qız görmədim. Romaya gedənə qədər düşünürdüm ki, azərbaycanlı qızla ailə həyatı qurmaram. Mühiti gördükdən sonra bizim qadınlar mənə görə daha dəyərlidir.

29216214_1714039488658098_3840619185545674752_n.jpg

- Günlük tələbatlarınızı qarşılamaq üçün təxminən  nə qədər maddi vəsaitə ehtiyac var?

- Ən çox makaron, kartof yeyirik, çünki şəhərdə yemək çox bahadır. Normal şəraitdə yaşamaq istəyirsinizsə, aylıq 600 avro pulunuz olmalıdır. Mənim tələbatım çox olmadığından aya 350 avro kifayət edirdi. Əgər tələbəsinizsə, xüsusi bir quruma müraciət edirsiniz. Aylıq kart 35 avrodursa, birillik kartı tələbələrə endirimlə 130 avroya almaq olur. Bu kartla metrodan, nəqliyyatdan istifadə etmək olar. Avtobusda isə yoxlanış ayda bir dəfə olur. Dövlət xalqına güvənir. Nəqliyyat vasitəsinə niyə minib- düşdüyünü heç kim soruşmur. Əgər yoxlanış olsa, cərimə olunacaqsınız.

- Xaricdə təhsil almaq istəyən tələbələrə nələri məsləhət görərdiniz?

- Əgər şansları varsa, xaricdə təhsil alsınlar. Gələcəyimizi bəlli edən bizim sosial olmağımızdır. Bütün gün oturub kitab oxuyan tələbədən heç nə çıxmaz. Daha çox sosial olmaq daha çox insan tanımaq lazımdır. Universitet zamanı nə qədər yaxşı oxusanız, sertifikat alsanız, təqaüd alma şansınız daha çox olacaq. 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları