Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 17:00:00
“Maarifçi” Tələbə Kredit Fondu yeni elan sessiyasına start verir  

Sentyabrın 17-dən “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyasına start verilir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki,  kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://www.maarifci.az) qeyd olunub.

Müraciətlər oktyabrın 19-dək davam edəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu 14 ali təhsil müəssisəsini əhatə edir.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 5 elan sessiyası keçirıb. Bu müddət ərzində fonda daxil olan elektron müraciətlər əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 201 təhsil krediti müqaviləsi imzalanıb.