Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 15:26:00
AzTU-nun rektoru Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul, Qebze və Çorum şəhərlərinə səfər edib. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Boğaziçi, İstanbul Texniki, Hitit universitetlərində, həmçinin TÜBİTAK BİLGEM, Bilişim Vadisi və SAHA İstanbulda (SAHA İstanbul Müdafiə Aerokosmik Klasteri) bir sıra görüşlər keçirib.

 

AzEdu.az xəbər verir ki, Boğaziçi Universitetində rektor Mehmet Naci İnci və universitetin nümayəndə heyəti ilə görüş zamanı birgə beynəlxalq konfransların təşkili, informasiya texnologiyaları və iqtisadi sahələrdə tədqiqatların həyata keçirilməsi müzakirə olunub. Tərəflər 2023-cü ilin üçüncü rübündə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və Boğaziçi Universitetinin 160 illiyinə həsr olunacaq beynəlxalq konfransların keçirilməsi barədə razılığa gəliblər.

 

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşdə enerji, logistika, qabaqcıl nəqliyyat texnologiyaları, elmi nəşrlər və birgə tədris mövzularında, həmçinin AzTU müəllimlərinin İTÜ-yə təcrübəyə göndərilməsi ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, 26-28 aprel 2023-cü il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində İTÜ, AzTU və Daşkənd Dövlət Nəqliyyat Universiteti tərəfindən keçiriləcək seminarla bağlı ilkin hazırlıqlar, həmçinin hər üç universitet tərəfindən nəqliyyat və logistika sahəsində yaradılacaq ortaq mərkəz barədə fikir mübadiləsi aparılıb.

 

TÜBİTAK BİLGEM-in rəhbəri Ali Görçin və əməkdaşlarla görüş zamanı BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədris təcrübəsinin öyrənilməsi, bu istiqamətdə AzTU-da oxşar laboratoriyanın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi imkanları da qeyd olunub. Eyni zamanda, BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən də AzTU müəllimlərinin faydalanması ilə bağlı müzakirələr aparılıb. 

 

Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu ilə görüşdə AzTU-da texnopark qismində “Bilişim Vadisi Bakı Mərkəzi”nin yaradılması ilə bağlı vəziyyət müzakirə olunub. Qeyd olunub ki, mərkəzin 2023-cü ilin ikinci rübünədək yaradılması nəzərdə tutulur. Tərəflər həmçinin Bilişim Vadisinin keçirdiyi startap müsabiqələrində AzTU tələbələrinin iştirak imkanları barədə fikir mübadiləsi aparıblar.

 

SAHA İstanbulun baş direktoru İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə birgə təlimlərin və elmi-tədqiqat işlərinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, SAHA İstanbulun SAHA Akademiyasının MBA proqramının Azərbaycanda tətbiqi imkanlarının araşdıralacağı da bildirilib. 

 

Hitit Universitetinin rektoru Ali Osman Öztürk və universitetin nümayəndə heyəti ilə görüşdə mühəndislik və qida texnologiyaları sahələrində birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsi müzakirə olunub. Bundan başqa, magistratura səviyyəsində qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı ilə bağlı imkanların  araşdırılacağı qərara alınıb. Həmçinin Çorum şəhəri ilə qardaşlaşmış Füzuli şəhərinin bərpası ilə bağlı birgə layihələrdə AzTU və Hitit Universitetinin iştirakı ilə bağlı da müzakirələr aparılıb.

 

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib.