Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-26 11:12:00
İnklüziv təhsillə bağlı ciddi nöqsanlar–Nələr təcili dəyişilməlidir?

 

Bu gün statistikaya görə, Azərbaycanda 1528 şagird evdən, 207-si isə inklüziv təhsil alır. Ancaq bu təhsil növünün keyfiyyəti və əlçatanlığı barədə aydın məlumat yoxdur.

 

Bəs bu sahədə hansı çatışmazlıqlar var, Elm və Təhsil nazirliyi məsələ ilə bağlı hansı addımları atmalıdır?

 

Xüsusi və inklüziv təhsil üzrə  mütəxəssis Lalə İmanova AzEdu.az-a açıqlamasında bildirib ki, əsas problem inklüziv təhsilin ölkəmizdə pilot layihə olmasıdır:

 

“İnklüziv təhsil ölkəmizdə genişmiqyaslı deyil. Birincisi, 74 mindən yuxarı əlilliyi olan uşaqlar üçün cəmi 22 inklüziv məktəbin olması çox azdır. Mən istəyərdim ki, artıq bu layihə sadəcə pilot olaraq qalmasın, ümumi inklüziv təhsilə keçək. Çünki buna böyük bir ehtiyac var.

 

Inklüziv təhsilin modelində çatışmazlıqlar var. Məsələn, xaricdə bütün uşaqların yanında köməkçi müəllimləri olur.

 

Hər müəllimin məsuliyyətinə iki uşaq verilir. Onlar lazım olduqda uşağa kömək edir, başa salır. Bizim modeldə isə bu yoxdur”.

 

Mütəxəssisin sözlərinə görə, böyük maliyyə tələb etsə də, Elm və Təhsil Nazirliyi bu sahədə  bəzi addımlar atmalıdır:

 

“Bu yaxında bir təlimdə iştirak etdim və başa düşdüm ki, hətta inklüziv sinifdə başqa fənləri tədris edən müəllimlər belə uşaqların hansı çatışmazlıqlarının olduğunu bilmirlər.

 

Bütün məktəblərdə ancaq ibtidai siniflərdə yox, yuxarı siniflərdə də, eyni zamanda, bütün fənn müəllimlərinə genişmiqyaslı inklüziv təhsil və korreksiya pedoqogikası, və ya əlilliyi olan uşaqların kateqoriyaları adlı təlimlər keçirilməlidir. Müəllimlər sadəcə inklüziv təhsil haqqında yox, eyni zamanda, o uşaqlar haqqında kifayət qədər məlumatlandırılmalıdır.

 

Bundan əlavə, köməkçi müəllimlərin olması da uşaqlar üçün mütləqdir. Eyni zamanda, əlilliyi uşaqlar üçün məktəblərdə psixoloq, pedaqoq və loqopedlər də fəaliyyət göstərməlidir”.

 

L.İmanova vurğulayıb ki, əgər Almaniyanın modelini götürmüşüksə, ona tam uyğunlaşmalıyıq:

 

“Hər ölkənin öz modeli var. Biz bu sahədə Almaniyanın modelini götürmüşük, amma bütün dünyadakı modellər kimi o modeldə də köməkçi müəllimlər vardı.

 

Bizdə isə maliyyəyə görə bu layihəyə daxil olunmadı. Amerikada bütün dərəcəsindən asılı olmayaraq bütün kateqoriyalarda əlilliyi olan şəxslər inklüziv təhsilə cəlb olunur. Avropada isə xüsusi təhsil müəssisələri çox azdır. Türkiyədə bizdəki kimi həm xüsusi təhsil sistemi, həm də inklüziv təhsil mövcuddur. Əlilliyin elə dərəcələri var ki, onlara ayrıca müəssisədə ayrıca proqramla keçilməsi daha sərfəli olardı. İnklüziv təhsildə ümumtəhsil proqramı ilə keçilir. Bəzi ağır dərəcə əlilliyi olan uşaqlar bu dərslikləri ümumiyyətlə mənimsəyə bilmirlər. Məsələn, görmə zəifliyi olan uşaq inklüziyaya cəlb edilə, yüksək nailiyyətlərə sahiblənə bilər.  Tam görmə əlilliyi olan uşaqlar üçün isə bu forma uyğun deyil. Amerikada bütün dərəcələrdəki əlilliyi olan uşaqlar eyni sinifdə təhsil almalıdırlar. Ancaq mən ayrı-ayrı təhsil alıb birlikdə oynayıb, tədbirlərdə iştirak edib inkişaf etməklərinin tərəfdarıyam”.