Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-25 12:46:00
Valideynlər uşaqlarını musiqi məktəbinə qoyan zaman hansı ciddi xətalara yol verirlər ?

Musiqi tarixinə nəzər yetirsək, çox azyaşlı dahilərə rast gələrik. Belə dahilərdən biri də V. A. Motsartdır.

 

O, balacalıqdan  istedadlı musiqiçi olan bacısı Maria Anna ilə Avropanın bütün önəmli musiqi mərkəzlərində konsertlər verib. Həmin dahilər artıq 10 yaşlarında  musiqilər bəstələməyə başlayıblar.

 

Hazırda da sosial mediada azyaşlı uşaqların qeyri-adi istedadlarına tez-tez rast gəlinir.

 

Bəs belə istedadlı uşaqların böyük uğura imza atmaları üçün musiqi təhsillərinə neçə yaşından başlamaları məsləhətdir?

 

AzEdu.az  xəbər verir ki, mütəxəssislərin fikrinə görə, uşaqların sistemli musiqi təhsilinə başlamaları üçün 3-8 yaş daha uyğundur.

 

Musiqi təhsilinə erkən başlamanın bir çox üstünlükləri var. Musiqi hər şeydən əvvəl şagirdin özünü ifadə etməsinə kömək edib, onun  yaradıcılığını gücləndirir. Əcnəbi dil və musiqi təhsili bir-birinə çox bənzəyir. İnsan bu təhsillərə nə qədər erkən başlasa, biliklərini inkişaf etdirmək üçün o qədər çox zamana sahib olar.

 

Az yaşda bu təhsilə başlamanın üstünlükləri olduğu kimi bəzi zərərləri də var. Bu məsələdə bəzi nüansları diqqətdə saxlamaq xüsusilə vacibdir.

 

Bunlardan biri şagirdin fiziki inkişafıdır.  Gitara, kaman kimi musiqi alətləri 3-8 yaşlı uşaqlar üçün məsləhət görülmür. Çünki həmin alətlər  bu yaşda olan uşaqların boyuna görə çox uzundur və bu, onların fiziki inkişafı nə ziyan verə bilər. Mütəxəssislərin fikrincə bu yaş aralığında olan uşaqlar üçün ən uyğun çalğı aləti pianodur. Ağ ciyərlərin inkişafı baxımından aşağı sinif şagirdinin klarnet və digər nəfəsli alətlərdən istifadə etməsi məqsədəuyğun deyil.

 

Azyaşlı üçün seçilən proqram, onun musiqiyə marağı da böyük mahiyyət kəsb edir. Az yaşlarda başlanan musiqi tədrisi uşaq psixologiyası nəzərə alınmaqla, təcrübəli pedaqoqlar tərəfindən aparılmalıdır. Əks halda, bu təhsil uşağa faydadan çox zərər verə bilər.

 

Çalğı alətlərində ifa etməyi öyrənmək üçün ən uyğun yaş neçədir?

 

Mütəxəssislər bildirir ki, piano, kamanda ifa etmək üçün minimal yaş 4, gitarada 7, klarnet, saksafon kimi nəfəsli alətlərdə ifa üçün isə 9-dur. Amma bu, hər kəsin mütləq həmin yaşlarda musiqi təhsilinə başlamalı olması demək deyil.

 

Uşağın musiqi təhsilinə hazır olub olmamasını öyrənmək üçün öncə valideyn psixoloq məsləhəti almalıdır. Bundan əlavə, övladınıza musiqi alətlərini tanıdaraq onun marağının daha çox hansına olmasını müəyyənləşdirə bilərsiniz. Azyaşlını sevmədiyi musiqi alətində ifaya məcbur etmək onun musiqidən birdəfəlik soyumasına səbəb ola bilər. Buna görə də valideynlərin öhdəsinə düşən övladının istəklərini eşidərək on uyğun hərəkət etməkdir. Qonşunun övladının viyolençeldə ifa etməsi sizin uşağınızın da mütləq bu aləti öyrənməli olması demək deyil.